Onun sözlərinə görə, artıq “güc” anlayışı təkcə fiziki arsenal ilə deyil, hərbi üstünlüyü təmin edən alqoritmlər və rəqəmsal infrastruktura sahibliklə ölçülür.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Elvin Abbasov “Tehsil365”ə açıqlamasında bildirib ki, müasir dövrdə texnologiyanın müharibə alətinə çevrilməsi bəşəriyyəti həm texniki sıçrayış, həm də ciddi etik böhran qarşısında qoyur.
Abbasov qeyd edib ki, “4-cü nəsil müharibə və 5-ci nəsil silah texnologiyaları qərarvermə sürətini insan imkanlarının fövqünə qaldırsa da, bu, həm də ciddi bir məsuliyyət boşluğu yaradır. Süni intellekt tərəfindən idarə olunan sistemlərin səhvi nəticəsində baş verən faciələrə görə hüquqi cavabdehliyin kimdə olacağı hələ də qlobal müzakirə mövzusudur.”
Ekspertin sözlərinə görə, texnoloji tərəqqi müharibənin sərhədlərini itirərək onu rəsmi elan olunmadan 24/7 davam edən daimi bir prosesə çevirib. “Süni intellekt vasitəsilə hazırlanan dezinformasiya və deepfake məzmunları sosial şəbəkələr üzərindən cəmiyyətlərin psixologiyasını hədəf alaraq onları daxildən sarsıtmaq üçün manipulyasiya aləti kimi istifadə olunur,” – deyə Abbasov vurğulayıb.
O əlavə edib ki, beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq çərçivəsində rəqəmsal təhlükəsizlik gücləndirilsə də, vətəndaş məsuliyyəti və informasiya gigiyenası bu texnoloji savaşda ən fundamental müdafiə səngəri olaraq qalır.

