Onun sözlərinə görə, bu travmalar bəzən şüurlu şəkildə xatırlanmasa da, emosional və bədən səviyyəsində “iz” buraxır.
Psixoloq Mətanət Əliyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, uşaqlıq dövründə yaşanan travmatik təcrübələr insanın psixoloji həyatına uzunmüddətli təsirlər göstərə bilər.
Əliyeva qeyd edib ki, “insan həmin hadisəni konkret xatırlamaya bilər, lakin səbəbini tam anlaya bilmədiyi narahatlıq, qorxu, güvənsizlik, münasibətlərdə çətinliklər və ya müəyyən vəziyyətlərə həddindən artıq reaksiya kimi təsirlər yaşayır. Bu, şüuraltı səviyyədə formalaşmış emosional təcrübələrin sonrakı davranışlara təsiri ilə bağlıdır.”
Psixoloqun sözlərinə görə, hər bir uşaqlıq təcrübəsi mütləq travmaya çevrilmir və hər travma da mütləq şəkildə gələcək həyatda ciddi problem yaratmır. Burada fərdi xüsusiyyətlər, ailə dəstəyi, sonrakı həyat təcrübələri və insanın psixoloji resursları mühüm rol oynayır.
Əliyeva əlavə edib ki, psixoterapiya prosesində bu cür şüuraltı təsirlər üzərində işləmək mümkündür. “Müxtəlif yanaşmalar, xüsusilə travma yönümlü terapiyalar vasitəsilə insan öz emosiyalarını daha yaxşı anlayır, keçmiş təcrübələrin təsirini azaldır və daha sağlam psixoloji vəziyyət formalaşdırır,” – deyə o vurğulayıb.
Psixoloq bildirib ki, uşaqlıqda yaşanan və unudulan travmalar tamamilə yox olmur, lakin düzgün psixoloji yanaşma ilə onların həyatımıza təsirini azaltmaq və idarə etmək mümkündür. “Əsas məsələ bu travmaların insanın həyat keyfiyyətinə təsirini minimuma endirmək və sağlam emosional tənzimləmə bacarıqları formalaşdırmaqdır,” – deyə Mətanət Əliyeva qeyd edib.

