Tarix elmlər doktoru İradə Bağırovanın sözlərinə görə, tarix şübhəsiz ki, elmdir. Lakin onu obyektivlik baxımından fizika və ya kimya kimi dəqiq elmlərlə müqayisə etmək düzgün deyil. Tarix elmi faktlara və müxtəlif mənbələrə əsaslanaraq hadisələrin səbəb və nəticələrini araşdırır və elmi metodologiyaya söykənir.
İradə Bağırova “Tehsil365”ə açıqlamasında bildirib ki,böyük tarixi hadisələr insanların yaddaşında özünəməxsus yer tutur. Ancaq bu hadisələrin şərhi tarixçilər tərəfindən verilir və hər bir tədqiqatçının öz mövqeyi, baxış bucağı olur. Bu baxımdan tarixdə müəyyən dərəcədə subyektiv yanaşma qaçılmazdır.
İradə Bağırova qeyd edir ki, hər bir tarixçi öz mədəni, siyasi və milli mühitində fəaliyyət göstərir və bu mühit onun yaradıcılığına təsir edir. Buna görə də hər bir tarixi əsər müəllifin dünya görüşünün bir təzahürü kimi çıxış edir.
Ekspert əlavə edir ki, müxtəlif ölkələrdə fərqli tarix məktəbləri mövcuddur və eyni hadisələrə tamamilə fərqli yanaşmalar sərgilənə bilər. Məsələn, SSRİ-nin süqutu müasir Rusiyada fəlakət kimi qiymətləndirildiyi halda, postsovet respublikalarında, o cümlədən Azərbaycanda müstəqilliyin bərpası kimi dəyərləndirilir. Eyni şəkildə, Qarabağ münaqişəsinə Azərbaycan və erməni tarixçilərinin yanaşmaları da kəskin şəkildə fərqlənir.
Nəticə etibarilə, tarix elmi dəqiq elmlərdən fərqli olaraq tam obyektivliyə nail olmaqda çətinlik çəkir. Bununla belə, müxtəlif mənbələrin müqayisəli təhlili vasitəsilə keçmişə daha ədalətli və əsaslandırılmış yanaşma ortaya qoymaq mümkündür.

