Azərbaycanda Əməkdar müəllimin “uşaqlar 3 yaşından məktəbə getsin” sözləri müzakirələrə səbəb olub.
“Tehsil365” xəbər verir ki, Təhsil TV-yə danışan Azərbaycan dili və Ədəbiyyat müəllimi Almaz Əsgərova fikirlərini bu sözlərlə əsaslandırıb:
“Bu gün əgər 2 yaşında telefonla oynayan uşaq 6 yaşında məktəbə gəlirsə, məktəbə özü ilə problem gətirir. Onun beyni telefonda gördüklərinin yanındadır. Müəllim ona 2 üstəgəl 2, hərfləri öyrətməyə başlayır. Görün, nə boyda ziddiyət var.
Uşaq 3 yaşına qədər uşaqdır. 3 yaşdan sonra düşüncəsi inkişaf etməyə başlayır. Mən təklif edirəm ki, uşaq 3 yaşından məktəbə gəlsin. 3 yaşında başlanan təhsil ilk növbədə bağça problemini həll edəcək.
İkincisi, biz tamamilə yeni bir metodologiya hazırlamalyıq.... Əzbərlətmək təhsil deyil. Orta təhsilin 15 yaşında bitməyini qəbul edirəm”.
Onun bu çıxışı sosial şəbəkələrdə tənqid edilib.
İstifadəçilər "bəlkə, doğum evindən birbaşa məktəbə gəlsinlər?”, “Elə doğulmamış məktəbəqədər olsun, 3 yaşında dərsə başlasınlar”, “ Uşaq 7 yaşına qədər uşaqlığını yaşamalıdır”, “Uşaq doğulan kimi həmin evə müəllimlər təyin etsinlər” kimi şərhlər yazıblar.
Uşaqların davranış pozğunluqlarını təhsildəki problemlərlə əlaqələndirənlər də olub.

