Beynəlxalq Teatr Günü münasibətilə Naxçıvan Dövlət Kukla Teatrında zəngin və yaddaqalan səhnə proqramı təşkil edilib.
“Tehsil365" xəbər verir ki, gün ərzində biri uşaqlar, digəri isə böyüklər üçün nəzərdə tutulan iki fərqli tamaşa teatrsevərlərə təqdim olunub.
Əvvəlcə balaca tamaşaçılar üçün “Qoğalın sərgüzəşti” adlı maraqlı və əyləncəli tamaşa nümayiş etdirilib. Rəngarəng səhnə tərtibatı, dinamik hadisələr və sevimli obrazlar uşaqları nağıl dünyasına apararaq onların böyük marağına səbəb olub. Tamaşa, eyni zamanda, maarifləndirici məzmunu ilə seçilərək müsbət dəyərləri təbliğ edib.
Sonra isə səhnədə böyüklər üçün Anton Çexovun “Elçilik” komediyasının premyerası olub. Canlı aktyor oyunu və kuklalarla təqdim edilən tamaşa incə yumoru və canlı dialoqları ilə tamaşaçıların rəğbətini qazanıb, zalda səmimi və gülüş dolu ab-hava yaradıb.
Tamaşanın rejissoru Səyyad Məmmədov, musiqi tərtibatçısı Əli Məmmədov, quruluşçu rəssamı isə Çimnaz Gözəlova olub. Rolları Bəhruz Haqverdiyev, İlqar Babayev və Əfqənə Ələsgərova ifa ediblər.
Səhnə əsərini ziyalılar, sənət adamları və çoxsaylı teatrsevərlər izləyiblər. Bu əlamətdar gün kukla teatrında sənətə olan sevginin və yaradıcılıq enerjisinin bariz nümunəsi kimi yadda qalıb.

