Psixoloq Nizami Orucov bildirir ki, duyğuları boğmaq qısa müddətdə insana özünü “idarə edirəm” hissi versə də, uzunmüddətli perspektivdə bu yanaşma ciddi psixoloji və fiziki problemlərə yol aça bilər. Onun sözlərinə görə, ifadə olunmayan emosiyalar yox olmur, əksinə, zamanla yığılaraq fərqli formalarda üzə çıxır.
Ekspert “Tehsil365”ə açıqlamasında qeyd edir ki, duyğuların ifadə edilməməsi ən çox daxili gərginliyin artması ilə nəticələnir. İnsan hisslərini gizlətdikcə narahatlıq, sıxıntı və izah olunmayan daxili gərginlik yaşayır. Bu hal isə zaman keçdikcə təşviş, panik reaksiyalar və ya emosional partlayışlara səbəb ola bilər. Belə ki, uzun müddət susqun qalan insan kiçik bir hadisəyə gözlənilmədən həddindən artıq reaksiya verə bilər.
Nizami Orucovun sözlərinə görə, duyğuların boğulması depressiv vəziyyətlərin yaranmasına da gətirib çıxarır. İnsan hisslərini tanımadıqca və ifadə etmədikcə zamanla özündən uzaqlaşır, nə hiss etdiyini anlamaqda çətinlik çəkir. Bu isə boşluq hissi, maraqsızlıq və motivasiya itkisi ilə müşayiət olunur. Bəzi hallarda isə bu emosiyalar fiziki simptomlar şəklində özünü göstərir – baş ağrıları, yorğunluq və yuxu pozuntuları kimi psixosomatik əlamətlər ortaya çıxır.
Mütəxəssis vurğulayır ki, bu hal münasibətlərə də mənfi təsir göstərir. Duyğularını açıq ifadə etməyən insan qarşı tərəflə sağlam ünsiyyət qura bilmir, içində yığılan incikliklər isə zamanla münasibətlərdə məsafə və soyuqluq yaradır.
Sonda psixoloq qeyd edir ki, sağlam psixoloji yanaşma duyğuları nəzarətsiz şəkildə “boşaltmaq” deyil, onları tanımaq, qəbul etmək və uyğun formada ifadə etməyi öyrənməkdir. İnsan hisslərini anladıqca və düzgün şəkildə ifadə etdikcə həm daxili balansını qoruyur, həm də münasibətlərini daha sağlam şəkildə qurur.

