Valideyn-uşaq münasibətləri uşağın şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır. Lakin mütəxəssislər bildirirlər ki, bəzi yanaşmalar uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Töhfə Mustafayeva “Tehsil365"ə açıqlama verib.
Ekspertin sözlərinə görə, valideynlərin ən çox etdiyi səhvlərdən biri həddindən artıq nəzarətdir: “Uşağa davamlı nəzarət etmək və onun hər addımını yönləndirmək uşağın müstəqilliyini məhdudlaşdırır.”
Mütəxəssis qeyd edib ki, digər bir problem həddindən artıq sərbəstlikdir: “Bəzi valideynlər isə əksinə, uşağa heç bir qayda qoymur. Bu isə uşaqlarda məsuliyyətsizlik və intizam problemlərinə səbəb ola bilər.”
Ekspert əlavə edib ki, müqayisə etmək də mənfi təsir göstərir: “Uşağı digər uşaqlarla müqayisə etmək onun özünə inamını zəiflədir və psixoloji gərginlik yaradır.”
Onun sözlərinə görə, uşağın fikrinin nəzərə alınmaması da mühüm problemlərdəndir: “Uşağın duyğularına və düşüncələrinə hörmət edilmədikdə, o, özünü dəyərsiz hiss edə bilər.”
Sonda ekspert vurğulayıb ki, sağlam münasibət qarşılıqlı anlayış və dəstək üzərində qurulmalıdır.

