Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı davam edir.
“Tehsil365" xəbər verir ki, proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Mingəçevir şəhərinə səfər edib. Mingəçevir Dövlət Dram Teatrının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının təqdimatı olub. Mingəçevirli sənətsevərlərin böyük marağına səbəb olan səhnə əsərini mədəniyyət nazirinin müavini Fərid Cəfərov da izləyib.
Əsərin dərinliyi və sehri, klassik musiqi ilə səhnə ustalığının vəhdəti xüsusi bir ab-hava yaradaraq zövqləri oxşayıb, hər kəsi ecazkar sənət dünyasına qərq edib. Tamaşada Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), həmçinin Əməkdar artistlər və digər tanınmış solistlər – Cahangir Qurbanov, Tural Ağasıyev, Ələkbər Əliyev, Gülüstan Əliyeva və başqaları çıxış ediblər. Səhnə əsəri teatrın simfonik orkestrinin canlı müşayiəti ilə təqdim olunub.
Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqrafı Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, konsertmeysterləri Nüşabə İsa, Roza Səlimova və Tofiq Şıxıyevdir.
Klassik musiqi və səhnə sənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyan zəngin mədəni proqram çərçivəsində martın 29-u saat 18:00-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində teatrın solistlərinin iştirakı ilə konsert proqramı da keçiriləcək. Konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Tural Ağasıyev, Taleh Yahyayev, Gülzar Fərəcova, Atəş Qarayev, Səma Həmzəyeva, eləcə də Mirəli Sarızadə, Fəhmin Əhmədli və Vüqar Əliyev çıxış edəcəklər. Proqramda Azərbaycan klassik və milli musiqisinin incilərindən seçilmiş əsərlər səsləndiriləcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü olaraq reallaşdırılır. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.

