“Orta məktəbdə riyazi biliklərin formalaşması, eyni zamanda cəbr və həndəsənin ilkin baza öyrənilməsi həyata keçirilir. Ali təhsil müəssisələrində isə riyaziyyat fundamental riyaziyyatdır”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında BDU-nun müəllimi, riyaziyyatçı Səbuhi Abdullayev bildirib.
Səbuhi Abdullayevin sözlərinə görə, ali təhsil müəssisələrində riyaziyyat bir neçə əsas bölməyə ayrılır.O qeyd edib ki, riyazi analiz riyaziyyatın əsas sahələrindən biridir, cəbr və həndəsə isə başqa bir fundamental bölmədir. Həmçinin diferensial tənliklər, funksional analiz, kompleks funksiyalar nəzəriyyəsi kimi sahələr də fundamental elm kateqoriyasına daxildir.
“Bunların hər biri öz-özlüyündə fundamental elmdir. Teoremlərin isbatı, verilmiş nəticələrin göstərilməsi və təsdiqlənməsi bu sahələrin əsas metodudur”, – deyə Səbuhi Abdullayev bildirib.
O əlavə edib ki, müasir dövrdə riyaziyyat sahəsinə yeni nəzəriyyələr də daxil edilir, məsələn qeyri-səlis məntiq nəzəriyyələri və soft topologiya. Bu fənnlər müasir riyaziyyatın tətbiq sahələrinə, süni intellekt və digər texnologiyalara yönəlikdir.
“Orta məktəbdə öyrənilən fənnlər baza xarakteri daşıyır, ali təhsil müəssisələrində isə fundamental elm kimi formalaşır”, – deyə o fikrini yekunlaşdırıb.

