Onun sözlərinə görə, bu stereotipləri dəyişmək üçün məsələyə bir neçə tərəfdən yanaşmaq və müxtəlif sahələrdə addımlar atmaq lazımdır.
Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov “Tehsil365“ə açıqlamasında Azərbaycan cəmiyyətində psixoloji yardım almağa qarşı formalaşmış stereotiplərin tarixi, mədəni və sosial faktorlarla sıx bağlı olduğunu bildirib.
Muxtarov qeyd edib ki, “maarifləndirmə ən vacib addımlardan biridir. Təəssüf ki, cəmiyyətdə hələ də psixoloqa yalnız ciddi psixi problemi olan insanların müraciət etdiyi kimi yanlış düşüncələr mövcuddur. Halbuki psixoloji yardım stress, münasibət problemləri, iş həyatı, valideynlik və şəxsi inkişaf kimi bir çox mövzularda faydalıdır.”
Onun sözlərinə görə, televiziya proqramları, sosial media platformaları, müəssisələr və məktəblərdə keçirilən maarifləndirici seminarlar vasitəsilə psixoloji xidmətlərin mahiyyəti sadə və anlaşılan dildə izah edilməlidir. “Əfsuslar olsun ki, bəzən insanlara ‘sən psixoloqa getməlisən’ demək təhqir kimi qəbul olunur. Ona görə maarifləndirmə yalnız xidmətin faydalarını izah etməklə kifayətlənməməli, həm də psixoloqa müraciət etməyin normal və təbii bir addım olduğunu vurğulamalıdır,” – deyə psixoloq əlavə edib.
Müsahibəsində o, psixoloji xidmətlərin əlçatanlığının artırılmasının da vacibliyini vurğulayıb: “Regionlarda psixoloqların sayının az olması, bəzən xidmətlərin baha olması insanları bu yardımdan uzaqlaşdırır. Dövlət səviyyəsində məktəblərdə, universitetlərdə və poliklinikalarda psixoloq xidmətlərinin gücləndirilməsi, həmçinin onlayn konsultasiya imkanlarının genişləndirilməsi bu problemi aradan qaldıra bilər.”
Muxtarov stigma ilə mübarizənin də önəmini qeyd edib: “Psixoloji dəstək almaq zəiflik deyil, əksinə, insanın özünü dərk etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş faydalı addımdır. Bu stereotipi dəyişmək üçün ictimai nüfuzu olan şəxslərin açıq şəkildə psixoloji sağlamlıq mövzusunda danışması və öz təcrübələrini bölüşməsi çox effektiv ola bilər.”
O əlavə edib ki, psixoloji savadlılığın artırılması təhsil sistemində mühüm rol oynayır. Məktəblərdə emosional zəka, stressin idarə olunması və psixoloji rifah mövzularının tədrisi uşaqlarda erkən yaşdan düzgün yanaşmanın formalaşmasına səbəb olur. Valideynlər üçün də maarifləndirici proqramların təşkil olunması vacibdir ki, onlar psixoloji yardımın əhəmiyyətini dərk etsinlər və övladlarına düzgün izah edə bilsinlər.
Nəhayət, psixoloq peşəkar etik standartların qorunmasının və psixoloqlara olan etimadın artırılmasının vacibliyini vurğulayıb: “Bəzən qeyri-peşəkar yanaşmalar insanların psixoloqlara olan inamını azaldır. Buna görə sertifikasiya, nəzarət və davamlı peşəkar inkişaf mexanizmləri gücləndirilməlidir.”
Muxtarov yekun olaraq bildirib ki, “stereotiplərin dəyişməsi zaman tələb edən bir prosesdir. Amma ardıcıl maarifləndirmə tədbirləri və əlçatan, keyfiyyətli psixoloji xidmətlərin təmin edilməsi ilə psixoloji yardımın cəmiyyətdə daha normal və qəbul edilən bir xidmətə çevrilməsi mümkündür.”

