Respublika fənn olimpiadalarının (RFO) ən gərgin mərhələlərindən biri olan yarımfinal turu yekunlaşdı. Builki nəticələr region məktəbliləri arasında rəqabətin kifayət qədər yüksək olduğunu göstərir. Final mərhələsinə vəsiqə qazanan şagirdlərin uğur yolu hər zaman maraq və qürur doğurur. Bu uğurun arxasında isə uzunmüddətli hazırlıq, əzm, motivasiya və ən əsası, özünəinam dayanır.
“Tehsil365” Azərbaycan müəllimi-nə istinadən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin üç şagirdinin uğur hekayəsini təqdim edir.
“Problemləri həll etməkdən zövq alıram”
Lerik rayonu B.Pələngov adına Züvüç kənd tam orta məktəbinin X sinif şagirdi Ünal Sucalı riyaziyyat fənni üzrə göstərdiyi yüksək nəticələrlə finala yüksəlib. O bildirir ki, rayon turunda 95, yarımfinalda isə 92.5 bal toplayaraq bu mərhələyə vəsiqə qazanıb və hazırda finala ciddi şəkildə hazırlaşır. Ünal üçün olimpiada həm mürəkkəb, həm də zəhmətli bir prosesdir: “Saatlarla vaxt tələb edir. Buna baxmayaraq, problemləri həll etməkdən zövq alıram. Final mərhələsini səbirsizliklə gözləyirəm”.
Onun sözlərinə görə, bu yolda valideynlərinin, məktəb rəhbərliyinin və müəllimlərinin dəstəyi xüsusi rol oynayıb. Ünal gələcəkdə İT sahəsində təhsil almağı planlaşdırır və artıq indidən uğurları ilə seçilir.
Bir çox olimpiada və müsabiqələrin qalibi olan Ünal hələ V sinifdə ikən Lütfi-Zadə adına məntiq-riyaziyyat olimpiadasında, VI sinifdə riyaziyyat üzrə, VII sinifdə kimya üzrə Məktəblilərarası fənn müsabiqələrinin final mərhələlərində iştirak edib. IX sinif buraxılış imtahanında isə 277 bal toplayaraq fərqlənmə attestatına layiq görülüb. Ünal hesab edir ki, olimpiada yolu əzm tələb edir:
“Suala cavab tapa bilməyəndə ruhdan düşmək lazım deyil, çünki bu normal bir haldır”.
“Hər bir çətinliyin arxasında motivasiya dayanır”
Lənkəran rayonunun Bəlləbur kənd tam orta məktəbinin XI sinif şagirdi Ayan Kərəmova isə Azərbaycan dili və ədəbiyyat fənni üzrə final mərhələsinə yüksəlib. O, VIII sinifdən bu yana olimpiadalarda iştirak edir və IX sinifdə bürünc medal qazanıb. Bu il isə 93 bal nəticə ilə finala vəsiqə əldə edib. Ayan üçün bu yol yalnız yarış deyil: “Bu yol mənim üçün sadəcə bir yarış deyil, həm də özümü kəşf etdiyim bir inkişaf prosesidir”.
Hazırlıq mərhələsinin çətin və məsuliyyətli olduğunu vurğulayan Ayan qeyd edir ki, hər bir çətinliyin arxasında motivasiya dayanır:
“Hər yeni öyrəndiyim bilik, hər həll etdiyim sual məni məqsədimə bir addım daha yaxınlaşdırırdı”.
O, əvvəlki illərdə qarşılaşdığı tərəddüdləri də gizlətmir: “Bəzən onların öhdəsindən gələ bilməyəcəyimi düşünürdüm. Bu hisslər məni qorxutsa da, geri çəkilmək əvəzinə daha çox çalışmağa sövq etdi”.
Ayan bu uğurda müəllimi Mehman Cavadovun və anasının rolunu xüsusi vurğulayır. Onun sözlərinə görə, müəllimi ona yalnız bilik deyil, həm də özünəinam qazandırıb. Gələcək planları isə hüquq sahəsi ilə bağlıdır. O düşünür ki, bu nailiyyətlər gələcəkdə daha böyük imkanlara yol açır. Digər şagirdlərə isə belə tövsiyə edir: “Heç vaxt özlərinə olan inamı itirməsinlər. İnamla, səbrlə və əzmlə irəliləyən hər kəs mütləq uğur qazana bilər”.
“Olimpiada sualları daha fərqli və daha çətin idi”
Masallı rayonu Təzə Alvadı kənd Elşad Əhədov adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tunar Əhədov da riyaziyyat fənni üzrə final mərhələsinə vəsiqə qazanan şagirdlərdəndir. O, VIII sinifdən olimpiadalara qoşulduğunu və bu sahəyə marağının məhz həmin dövrdə yarandığını qeyd edir: “Olimpiada sualları daha fərqli və daha çətin tipdə idi. Bu səbəbdən bəzi çətinliklər olurdu, lakin onun bu cür çətin olması hazırlıq prosesini daha maraqlı edirdi”.
Tunar ötən il I turda 100 bal, II turda isə 80 bal toplayaraq finala yüksəlib. Bu il isə hər iki turda maksimum nəticə göstərərək final hüququ qazanıb. O, qazandığı nəticələrin ailəsi və müəllimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayır və hər mərhələnin onu daha da ruhlandırdığını bildirir. Gələcəkdə kompüter mühəndisliyi üzrə təhsil almağı planlaşdıran şagird RFO-nu bu istiqamətdə mühüm bir addım kimi qiymətləndirir. Digər şagirdlərə isə belə tövsiyə verir: “Hər hansı fənnə qarşı xüsusi maraq və istedadını hiss etdiyi vaxt o fənn üzərində çox çalışmağa başlasın”.
Respublika fənn olimpiadalarının final mərhələsinə gedən yol asan olmasa da, bu yol şagirdlərin həm bilik, həm də şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Final mərhələsinə yüksələn hər bir şagird artıq böyük bir uğurun sahibidir və onların hər biri gələcəyin uğurlu gəncləri kimi diqqət çəkir.

