Müasir dövrdə fast food məhsullarının geniş yayılması uşaqların qidalanma vərdişlərinə də təsirsiz ötüşmür. Mütəxəssislər bildirirlər ki, bu tip qidaların müntəzəm istifadəsi uşaqların həm fiziki, həm də zehni inkişafına uzunmüddətli təsir göstərə bilər.
Mövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova “Tehsil365"ə açıqlama verib.
Ekspertin sözlərinə görə, fast food məhsulları yüksək yağ, şəkər və duz tərkibi ilə seçilir: “Bu cür qidaların tez-tez istehlakı uşaqlarda piylənmə riskini artırır və bu da gələcəkdə müxtəlif xroniki xəstəliklərin yaranmasına zəmin yaradır.”
Mütəxəssis qeyd edib ki, bu qidalar orqanizmin ehtiyac duyduğu vacib qida maddələri ilə zəngin deyil: “Fast food qidalanma zamanı vitamin və mineral çatışmazlığı yarana bilər ki, bu da uşaqların fiziki inkişafına mənfi təsir göstərir.”
Ekspert əlavə edib ki, məsələ yalnız fiziki sağlamlıqla məhdudlaşmır: “Qeyri-sağlam qidalanma uşaqlarda diqqət zəifliyi, enerji dalğalanmaları və hətta davranış problemləri ilə əlaqəli ola bilər.”
Onun sözlərinə görə, erkən yaşda formalaşan qidalanma vərdişləri gələcək həyat tərzini müəyyən edir: “Uşaqlıqda fast food-a öyrəşən uşaqlar böyüdükdə də bu vərdişdən imtina etməkdə çətinlik çəkirlər.”
Sonda qida eksperti vurğulayıb ki, valideynlər uşaqların qidalanmasına xüsusi diqqət yetirməli və daha çox evdə hazırlanmış, balanslı qidalara üstünlük verməlidirlər.

