Müasir təhsil sistemində əsas müzakirə mövzularından biri nəzəri biliklərlə praktiki bacarıqlar arasında balansın qorunmasıdır. Mütəxəssislər hesab edir ki, bu balans şagirdlərin gələcək həyatına birbaşa təsir göstərir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Tehsil365"ə açıqlama verib.
Ekspertin sözlərinə görə, hazırkı təhsil sistemində daha çox nəzəri biliklərə üstünlük verilir: “Şagirdlərə geniş həcmdə informasiya təqdim olunur, lakin bu biliklərin praktik tətbiqi hər zaman təmin edilmir.”
Mütəxəssis qeyd edib ki, bu vəziyyət müəyyən problemlər yaradır: “Şagirdlər məlumatı mənimsəsələr də, onu real həyatda tətbiq etməkdə çətinlik çəkirlər. Bu isə onların bacarıq yönümlü inkişafını məhdudlaşdırır.”
Ekspert əlavə edib ki, balansın yaradılması üçün yeni yanaşmalar vacibdir: “Layihə əsaslı təlim, praktik tapşırıqlar və real həyatla əlaqəli fəaliyyətlər şagirdlərin həm bilik, həm də bacarıqlarını inkişaf etdirə bilər.”
Onun sözlərinə görə, müasir təhsil yalnız məlumat ötürməkdən ibarət olmamalıdır: “Əsas məqsəd şagirdləri düşünən, analiz edən və tətbiq edə bilən fərd kimi yetişdirməkdir.”
Sonda ekspert vurğulayıb ki, nəzəri biliklərlə praktiki bacarıqların vəhdəti keyfiyyətli təhsilin əsas şərtlərindən biridir.

