“Öndə Gənclər” (Öndə) İctimai Birliyinin həyata keçirdiyi “LeadCraft – tarixi nümunələr üzərindən liderlik sənəti” layihəsi başa çatıb. Layihə müddətində Şəki, Ağdaş, Zaqatala və Balakən rayonlarında seminarlar təşkil olunub, ümumilikdə 100-ə yaxın gənc layihədə iştirak edib.
“Tehsil365” xəbər verir ki “Öndə” sədri, layihə rəhbəri Fərhad Abdulov qeyd edib ki, layihənin əsas məqsədi Konstitusiyamızın müəllifi Heydər Əliyev və suverenliyimizi bərpa edən İlham Əliyevin liderlik nümunələri əsasında gənclərdə gələcəyin əsas bacarığı olan liderliyi inkişaf etdirmək olub. Onun sözlərinə görə, tarixi liderlik nümunələri əsasında qurulan seminarlar iştirakçıların mövzunu daha praktik və anlaşıqlı şəkildə mənimsəməsinə imkan yaradıb.
Seminarlar 3 akademik saatlıq, 2 modulluq proqram üzrə həyata keçirilib. Tədbirlər zamanı iştirakçılar liderliyin mahiyyəti, onun gündəlik həyatda və komanda fəaliyyətində rolu barədə məlumat əldə edib, praktik tapşırıqlar və müzakirələr vasitəsilə biliklərini möhkəmləndiriblər. Təlimlərin ikinci hissəsində isə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin tarixi addımları və qərarları əsasında liderlik yanaşmaları təhlil olunub, iştirakçılar mövzu üzrə faydalı nəticələr çıxarıblar.
Qeyd edək ki, “LeadCraft” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (NAYORA) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə icra olunub. Layihə haqqında məlumatlar Öndə-nin rəsmi Instaqram səhifəsində (@ondegencler) paylaşılıb.

