Qloballaşan dünyada ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqeyi onların elmi-tədris potensialının əsas göstəricilərindən biri hesab olunur. Azərbaycan Dillər Universiteti (ADU) də QS World University Rankings çərçivəsində əldə etdiyi son nəticələrlə diqqət çəkib.
“Tehsil365” xəbər verir ki, universitet “Müasir dillər” (Modern Languages) ixtisası üzrə 151–200 aralığında qərarlaşaraq bu sahədə yüksək rəqabət qabiliyyətini nümayiş etdirib. Bu nəticə ADU-da formalaşmış çoxdilli tədris mühitinin, innovativ metodların və tələbəyönümlü təhsil strategiyasının uğurlu tətbiqinin göstəricisi kimi qiymətləndirilir.
Bununla yanaşı, universitet “Linqvistika” (Linguistics) istiqaməti üzrə ilk dəfə olaraq 251–300 aralığında yer alıb. Bu nailiyyət dilçilik sahəsində aparılan elmi tədqiqatların genişlənməsi, akademik nəşrlərin artması və beynəlxalq əməkdaşlıqların güclənməsi ilə əlaqələndirilir.
ADU-nun Dünya dilləri kafedrasının müdiri, professor Nərgiz Seyidova bildirib ki, bu uğurlar yalnız reytinq göstəricisi deyil, həm də tədris keyfiyyətinin və elmi fəaliyyətin davamlı inkişafının təsdiqidir. Onun sözlərinə görə, kafedrada tətbiq olunan kompleks tədris modeli, müəllimlərin beynəlxalq sertifikat proqramlarında iştirakı və auditoriyadankənar layihələr tələbələrin dil bacarıqlarının inkişafına mühüm töhfə verir.
Qeyd edək ki, universitetin beynəlxalq arenadakı uğurları rektor, akademik Kamal Abdullanın rəhbərliyi ilə həyata keçirilən strateji inkişaf siyasətinin nəticəsi kimi dəyərləndirilir. Onun təşəbbüsü ilə qurulan beynəlxalq əməkdaşlıqlar, elmi tədqiqatların keyfiyyətinin artırılması və multikultural dəyərlərin tədrisə inteqrasiyası ADU-nun qlobal akademik məkanda mövqeyini gücləndirir.
Mütəxəssislər hesab edir ki, əldə olunan nəticələr universitetin gələcəkdə daha yüksək reytinq göstəricilərinə nail olması üçün möhkəm zəmin yaradır.

