Azərbaycan tarixində elə günlər var ki, onlar təkcə bir tarix kimi deyil, həm də xalqın yaddaşına həkk olunmuş böyük dərs və ağrı kimi yaşayır. 31 mart məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan xalqının üzləşdiyi ən ağır faciələrdən birini – 1918-ci il mart soyqırımını xatırladır. Həmin hadisələr nəticəsində minlərlə günahsız insan həyatını itirmiş, şəhər və kəndlər viran edilmiş, xalqımız dərin mənəvi və fiziki itkilərlə üzləşmişdir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Zəngəzurda, Naxçıvanda, Gəncədə, Qubada və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Uzun illər ərzində bu faciəyə lazımi siyasi və hüquqi qiymət verilməmişdir. Sovet dövründə bu hadisələrin üzərindən sükutla keçilmiş, tarixi həqiqətlər gizlədilmişdir. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələyə dövlət səviyyəsində xüsusi diqqət ayrılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış fərmanla 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu qərar tarixi ədalətin bərpası istiqamətində atılmış mühüm addım olmuşdur. Ulu öndər Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Osman Azadoğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

