Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi, dosent Zara Məmmədova vəfat edib.
Bu barədə "Tehsil365"ə BDU-dan məlumat verilib. Bildirilib ki, Zara Məmmədova 1929-cu il dekabrın 12-də Moskvada anadan olub. O, 1947-ci ildə Bakının Səbail rayonunda yerləşən 134 nömrəli orta məktəbi, 1952-ci ildə isə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1956-cı ildə BDU-nun Üzvi kimya kafedrasında assistent kimi başlayan alim, elə həmin il “Tsikloparafinlərin olefinlərlə alkilləşməsi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi və dosent elmi adı alıb. 1958-ci ildən etibarən müəllim kimi fəaliyyət göstərib.
Zara Məmmədova 1961-ci ildən 2023-cü ilədək Üzvi kimya kafedrasında dosent vəzifəsində çalışıb. 2023-cü ildən isə Kimya fakültəsinin Zərif üzvi sintez ETL-də aparıcı elmi işçi kimi fəaliyyətini davam etdirirdi.
Alimin əsas tədqiqat istiqamətləri kükürd və azot tərkibli üzvi birləşmələr, korroziyaya qarşı əlavələr və tio-klayzen qruplaşması olub. O, respublika və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuş 90-dan çox elmi əsərin müəllifi idi. Bu işlərdən 15-i müəlliflik şəhadətnaməsi ilə təsdiqlənib.
Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi uzun illər universitetdə çalışan Zara Məmmədovanın vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!

