Təhsil sahəsində idarəetmə bacarıqlarının inkişafına yönəlmiş “Təhsil liderləri üçün mini MBA” proqramının açılış tədbiri keçirilib.
Bu barədə “Tehsil365” ə Azərbaycan Respublikası Təhsil Cəmiyyətindən bildirilib. Tədbirdə layihə rəhbəri Murad Ağalarov və mütəxəssis Sənan Mahmudov çıxış edərək proqramın əsas istiqamətləri, tədris modulları və gözlənilən nəticələr barədə məlumat veriblər. Bildirilib ki, proqram çərçivəsində iştirakçılar üçün müasir təhsil idarəçiliyi, liderlik, strateji planlaşdırma və innovativ yanaşmalar üzrə təlimlər təşkil olunacaq.
Qeyd edilib ki, proqramda iştirak üçün ümumilikdə 300-dən çox müraciət daxil olub. Seçim mərhələsi nəticəsində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində rəhbər vəzifədə çalışan 30 namizəd iştirak hüququ qazanıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, proqramla bağlı maraq doğuran məqamlar ətrafında müzakirələr aparılıb.
“Təhsil liderləri üçün mini MBA” proqramının əsas məqsədi təhsil idarəçilərinin peşəkar inkişafını dəstəkləmək, onların strateji düşünmə və qərarvermə bacarıqlarını gücləndirmək, həmçinin təhsil müəssisələrində effektiv idarəetmə modelinin tətbiqinə töhfə verməkdir. Proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edəcək, həm də praktik tapşırıqlar və real keys müzakirələri vasitəsilə öz idarəetmə bacarıqlarını inkişaf etdirəcəklər.

