Martın 6-dan bəri qeydiyyatına start verilən VI “Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların sayı artıq 10 mini ötüb.
Bu barədə “Tehsil365” ə müsabiqənin işçi qrupundan məlumat verilib. Bildirilib ki, ötən 5 mövsüm üzrə müsabiqəyə ümumilikdə 69 min 963 nəfər müraciət edib, onlardan 39 min 536 nəfərin şəxsi kabineti yaradılıb. Namizədlərdən 1254 nəfər yarımfinal mərhələsinə, 488 nəfər final mərhələsinə yüksəlib, 116 nəfər isə qalib adını qazanıb.
Qeydiyyatdan keçənlərin 30.45 faizini qadınlar, 69.55 faizini isə kişilər təşkil edir. Qaliblərin isə 55.63 faizi dövlət sektorunu, 34.51 faizi özəl sektoru, 6.34 faizi beynəlxalq qurumları, 3.52 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir.
VI “Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların 7 mindən çoxu kişi, 2 mindən çoxu isə qadındır. Eyni zamanda, əvvəlki mövsümlərdə iştirak etmiş şəxslərin sayı 5 mindən çox, yeni iştirakçıların sayı isə 4 mindən çoxdur. “Yüksəliş” müsabiqəsi çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları da qiymətləndirilir. Müsabiqə qalibləri Mentorluq Proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər. Qaliblərdən 80 nəfərdən çoxu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), SOCAR, “PAŞA Holding”, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ), “AzerGold” QSC, bp və “Kapital Bank” ASC kimi ölkənin qabaqcıl dövlət və özəl qurumlarında müxtəlif təyinatlar alaraq məsul vəzifələrdə fəaliyyət göstərirlər.

