Bugünkü uşaqların böyümə prosesi göstərir ki, onlar eyni anda həm yorğunluq, həm də motivasiya çatışmazlığı ilə üzləşirlər. Bu isə təsadüfi deyil, bir çox ailə, sosial və texnoloji faktorların üst-üstə düşməsinin nəticəsidir.
Bu sözləri “Tehsil365” ə açıqlamasında , psixoloq Mirsadiq Muxtarov bildirib.
“Müasir uşaqlar əvvəlki nəsillərlə müqayisədə daha çox stimula məruz qalırlar. Nəzərə almaq lazımdır ki, müasir dövrdə informasiya axını sürətlidir, rəqabət hissi erkən yaşdan formalaşdırılır və valideyn gözləntiləri getdikcə yüksəlir. Uşaq məktəbdə dərs, evdə əlavə məşğələlər, kurslar, sosial fəaliyyətlər arasında balans yaratmağa çalışır. Bu isə fiziki yorğunluqdan daha çox psixi yorğunluq formalaşdıra bilir. “
“Uşaqlarda motivasiya məsələsi çox önəmlidir. Ona görə ki, motivasiya onların öyrənməyə marağını, yeni bacarıqlar qazanmaq istəklərini və çətinliklər qarşısında davam gətirmək qabiliyyətini formalaşdırır. Motivasiya olmadan uşaq potensialını tam şəkildə həyata keçirə bilmir. Əvvəllər motivasiya daha çox xarici faktorlarla, yəni, valideyn tərifi, müəllim qiyməti, cəmiyyətin uğur anlayışı ilə bağlı idi. Bu gün isə uşaqlar çox erkən yaşdan bu mexanizmlərin süni, gərəksiz olduğunu düşünməyə başlayırlar. Bəzi ailələrdə uşaqlara tez-tez gələcəkdə uğur vədilə oxumağın vacibliyi aşılanır, lakin uğurun vacibliyi, nəticəsi onlara izah edilmir. Nəticədə məqsəd qeyri-müəyyən qalır və bu da öz növbəsində uşaqda daxili motivasiyanın zəifləməsinə səbəb ola bilir. Uşaq etdiyi cəhdlərlə əldə edəcəyi nəticə arasında aydın əlaqə görə bilmədikdə isə öyrənməyə olan marağı tədricən azala bilir.”
“Müasir zamanda texnologiyanın rolu da burada xüsusi qeyd olunmalıdır. Rəqəmsal mühit uşaqlara oyunlar, sosial media, qısa videolar vasitəsi ilə ani həzz verir. Bu isə uşaqlarda uzunmüddətli məqsədlər üçün lazım olan səbir və davamlı diqqət bacarığını zəiflədir. Nəticədə uşaq real həyatda daha tez yorulur, çünki real uğur daha çox səy və əziyyət tələb edir. Bu real fərq də uşaqlarda motivasiya faktorunu zəiflədə bilir.”
“Ailə mühiti isə bəlkə də ən kritik faktordur. Həddindən artıq nəzarətçi və ya əksinə, laqeyd valideyn yanaşması uşağın həm psixoloji vəziyyətini, həm də motivasiyasını təsir altına alır. Belə vəziyyətdə uşaq ya daim özünü yetərsiz hiss edir, ya da etdiyi səylərin nəticəsi olmayacağını düşünür. Hər iki halda da daxili motivasiya zəifləyir və emosional tükənmişlik yarana bilir. Uşaq özünü anlaşılan, dəstəklənən və qiymətləndirilən bir mühitdə hiss etmədikcə, öyrənməyə və öz potensialını inkişaf etdirməyə olan marağı azalır. Bu səbəbdən valideynlərin uşağa dəstək göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki ailə faktorundan sonra, sosial faktoru da unutmaq olmaz. Sosial mediada uşaqlar və yeniyetmələr özlərini daim başqaları ilə müqayisə etməyə meyilli olurlar. Bu müqayisələr uşaqlarda özünə inamın azalmasına və öz nailiyyətlərini kifayət qədər qiymətləndirməmələrinə yol açır.”
“Bütün dediklərimizi ümumiləşdirsək, nəticə olaraq deyə bilərik ki, bugünkü uşaqların qarşılaşdığı yorğunluq və motivasiya problemləri bir-biri ilə əlaqəlidir. Onların öz potensialını sağlam şəkildə biruzə verməsini dəstəkləyən sağlam psixoloji mühit hər zaman mövcud olmaya bilir. Uşaqlarda bu potensial yalnız dəstəkləyici, anlayışlı və təhlükəsiz psixoloji mühitdə tam olaraq üzə çıxa bilər. Ona görə də, əsas məsələ uşaqlarda artıq psixoloji yükü azaltmaq, özlərini dəyərli hiss etdirmək və onlara qarşıdakı məqsədlər üçün səy göstərmək imkanı yaratmaqdır. Bu zaman motivasiya təbii şəkildə formalaşar, yorğunluq azalar və uşaq sağlam şəkildə inkişaf edir.”

