Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı psixoloq Mirsadiq Muxtarov bildirir ki, travma ilə bağlı maarifləndirmənin əsas məqsədi insanlarda qorxu yaratmaq deyil, əksinə, anlayış, fərqindəlik və psixoloji dayanıqlılığı gücləndirmək olmalıdır. Onun sözlərinə görə, bu cür mövzular təqdim olunarkən həm məzmun, həm də üslub baxımından həssas və diqqətli yanaşma vacibdir.
M. Muxtarov “Tehsil365” ə açıqlamasında qeyd edir ki, məlumatlar sadə, aydın və hərtərəfli şəkildə çatdırılmalıdır. Travmanın mahiyyəti və onun yarada biləcəyi təsirlər izah edilərkən yalnız mənfi nəticələr üzərində dayanmaq düzgün deyil. Eyni zamanda, insanların belə vəziyyətlərin öhdəsindən gələ bildiyini, bərpa prosesinin mümkün olduğunu və inkişaf yolunun mövcudluğunu göstərən nümunələrə də yer verilməlidir.
Psixoloqun fikrincə, mürəkkəb elmi terminlərin və dramatik ifadələrin həddindən artıq istifadəsi verilən mesajın düzgün qavranılmasına mane ola bilər. Bu səbəbdən gündəlik həyatdan nümunələrdən istifadə etmək, travmanın insanın yaşadığı təbii psixoloji reaksiya olduğunu izah etmək daha effektiv yanaşmadır.
M. Muxtarov vurğulayır ki, maarifləndirmə yalnız travmanın təsirləri ilə məhdudlaşmamalı, insanlara özlərini necə qoruya biləcəkləri, hansı dəstək mexanizmlərinin mövcud olduğu və hansı hallarda mütəxəssisə müraciət etməyin vacib olduğu da aydın şəkildə çatdırılmalıdır. Bununla yanaşı, vizual və emosional materialların seçimi də son dərəcə diqqətli olmalıdır. Həddindən artıq təsirli və şokedici görüntülər bəzi insanlarda yenidən travmatizasiya və ya güclü qorxu reaksiyası yarada bilər. Buna görə də bu cür mövzularda etik yanaşma, insan ləyaqətinə hörmət və həssaslıq əsas prinsip olmalıdır.

