Tarixi hadisələrin, xüsusilə faciəvi səhifələrin uşaqlara necə çatdırılması cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır. Mütəxəssislər bildirirlər ki, bu prosesdə həm məlumatlandırma, həm də uşağın psixoloji qorunması arasında düzgün balansın qurulması vacibdir.
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloqun sözlərinə görə, ilk növbədə uşağın yaşı və psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır: “Hər yaş dövrünün qavrama imkanları fərqlidir. Kiçik yaşlı uşaqlara hadisələr daha sadə və yumşaq formada izah edilməlidir, detallı və travmatik təsvirlərdən qaçınılmalıdır.”
Mütəxəssis qeyd edib ki, məlumatın təqdim olunma forması böyük əhəmiyyət daşıyır: “Faciələr qorxu üzərindən deyil, daha çox tarix, humanizm və dəyərlər kontekstində izah edilməlidir. Məqsəd uşağı qorxutmaq yox, məlumatlandırmaq və düşündürməkdir.”
Psixoloq əlavə edib ki, emosional dəstək mühiti mütləq təmin olunmalıdır: “Uşaq bu mövzularla tanış olduqda onun suallarına açıq və sakit şəkildə cavab verilməli, hisslərini ifadə etməsinə imkan yaradılmalıdır.”
Onun sözlərinə görə, balansın qorunmasında müəllim və valideynlərin rolu xüsusilə vacibdir: “Uşaqların emosional reaksiyaları diqqətlə izlənilməli, həddindən artıq qorxu və narahatlıq hiss etdikdə mövzu yumşaldılmalı və ya mərhələli şəkildə təqdim olunmalıdır.”
Sonda psixoloq vurğulayıb ki, tarixi faciələrin düzgün təqdimatı uşaqlarda həm məlumatlılıq, həm də empatiya formalaşdırır: “Doğru yanaşma ilə bu mövzular uşağın psixoloji vəziyyətinə zərər vermədən onun şəxsiyyət kimi inkişafına müsbət təsir göstərə bilər.”

