Avstriyada geniş oxucu kütləsinə malik “Society” jurnalının təşkilatçılığı ilə Novruz bayramı və baharın gəlişi münasibətilə ənənəvi tədbir növbəti dəfə keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, diplomatik korpus və hökumət dairələri üzrə ixtisaslaşmış jurnal artıq uzun illərdir Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələrinin iştirakı ilə bu tədbiri təşkil edir.
Tədbirdə Azərbaycan Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmsil olunub. Bayramda Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Avstriya ictimaiyyətinin üzvləri, yerli media və Şərq mədəniyyəti ilə maraqlanan şəxslər iştirak ediblər.
Azərbaycan, Əfqanıstan, İraq, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Rusiya nümayəndələri ayrılmış guşələrdə milli mətbəx nümunələri, Novruz adət-ənənələri, eləcə də müxtəlif şirniyyat və təamları təqdim ediblər.
Tədbirin bədii hissəsində iştirakçı ölkələrin musiqiçi və rəqqasları çıxış ediblər. Azərbaycanı tədbirdə Vyanada təhsil alan tələbə Əminə Ağayeva milli rəqs nümunələri ilə təmsil edib.

