Martın 31-də Azərbaycan Dillər Universitetində BMR fakültəsinin təşkilatçılığı ilə “Milli yaddaşın qanlı səhifəsi: 31 mart soyqırımı” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə fakültə dekanı professor İbrahim Kazımbəyli açaraq, 1917-ci il Fevral burjua inqilabı və ardınca bolşeviklərin silahlı çevrilişi ilə Cənubi Qafqazda cərayan edən hərbi-siyasi prosesləri, silahlı erməni dəstələrinin həm Cənubi, həm də Şimali Azərbaycanda müsəlman türk əhaliyə qarşı törətdiyi soyqırım cinayətlərinin baş vermə səbəbləri, gedişi və nəticələri haqqında geniş məlumat verib. Məhz Ümummilli lider Heydər Əliyev tərəfindən 26 mart 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” sərəncam bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Professor İ.Kazımbəyli xüsusi olaraq vurğulayıb ki, 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı aktlarının mahiyyəti və nəticələri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi fonunda daha aydın dərk olunub.
“Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının müəllimi Jalə Orucova “Tarixin acı həqiqəti” mövzusunda çıxış edərək Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinə xüsusi diqqət yetirib. Jalə Orucova bildirib ki, Fövqəladə Təhqiqat Komissiyasının əsas məqsədi baş vermiş hadisələrin səbəblərini müəyyənləşdirmək, günahkarları aşkara çıxararaq beynəlxalq ictimaiyyətə faktları təqdim etmək olub.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Mehriban Babaxanova “31 Mart soyqırımı beynəlxalq hüquqi aspektdə” mövzusunda çıxış edərək qeyd edib ki, 1918-ci ilin martından avqust ayının sonlarına qədər azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar beynəlxalq hüquq baxımından soyqırımı əlamətlərini özündə əks etdirən ağır cinayət kimi qiymətləndirilə bilər. Bu hadisələr müəyyən etnik qrupu qismən və ya tam məhv etmək niyyətinin mövcudluğu ilə xarakterizə olunub ki, bu da BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyasının meyarlarına uyğun gəlib.
“Qərb ölkələri üzrə regionşünaslıq” kafedrasının müəllimi Əfsanə Şahmalıyeva “Mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi” mövzusunda çıxışında mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin 4 istiqamətdə həyata keçirildiyini vurğulayıb. Bura sənədli filmlərin çəkilişi, anım tədbirlərinin təşkili, xatirə abidələrinin ucaldılması və tarixçilər tərəfindən kitab və məqalələrin yazılması aid olub. Soyqırım qurbanlarının xatirəsini yad etmək tarixi yaddaşı qorumaq və gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət kəsb edib.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

