Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “1918-ci il 31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə “Tehsil365” ə ADPU-dan məlumat verilib.
Tədbirdə filialın direktoru professor Yusif Alıyevin mühazirəsi dinlənilib. Professor Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, dövlətçilik ənənələrinə və qurucu nəsillərin fəaliyyətinə toxunub, Zaqafqaziya Seyminin fəaliyyəti, regionda siyasi vəziyyət və xarici qüvvələrin təsiri kontekstində baş verən hadisələri təhlil edib. Mühazirədə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti, Bakının işğaldan azad edilməsi prosesi, eləcə də Əlimərdan bəy Topçubaşovun beynəlxalq müstəvidə apardığı siyasi mübarizə xüsusi vurğulanıb. Direktor çıxışında Heydər Əliyevin 31 Mart hadisələrinə verdiyi hüquqi-siyasi qiymət və bu istiqamətdə atdığı addımları təhlil edərək, onun ideyalarının davamı kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətini və ölkənin ərazi bütövlüyünün təmin edilməsini xüsusi vurğulayıb.
Daha sonra Təbiət elmləri fakültəsinin dekan müavini tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev, İctimai elmlər kafedrasının baş müəllimi Zəminə Qayıbxanova və Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Nurtəkin Məmmədova 31 Mart hadisələrinin müxtəlif aspektlərini elmi yanaşma ilə təqdim ediblər.
Şəki filialında keçirilən tədbirdə elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev bildirib ki, 1918-ci ilin Mart soyqırımı Azərbaycanın ən yeni tarixinin qanlı səhifələrindən biridir. Martın 30-dan aprelin 3-dək Bakı Soveti və daşnak-bolşevik birləşmələri Azərbaycanın bir sıra ərazilərində, o cümlədən Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə qanlı cinayətlər törədib, xüsusi amansızlıqla çoxsaylı soydaşımızı qətlə yetiriblər.
Tədbirdə “1918-ci ilin mart soyqırımı ümummilli faciə kimi”, “Mart soyqırımı tarixin yaddaşında” mövzularında çıxışlar dinlənilib

