Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) geniştərkibli nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ege Universitetinə işgüzar səfər edib.
“Tehsil365” in bölgə müxbiri xəbər verir ki, səfərin əsas məqsədi iki universitet arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, müasir elmi-tədqiqat infrastrukturunun öyrənilməsi və təhsilin idarə edilməsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi olub.
ADAU-nun nümayəndə heyətinin tərkibində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə, Elm şöbəsinin müdiri Elçin Nəsirov, Tədris şöbəsinin müdiri Elay Zeynallı, Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri Mədinə Abışova, Təcrübə və karyera mərkəzinin direktoru Gülnaz Əsgərova və rektorun köməkçisi Vaqif Məmmədzadə təmsil olunublar.
Nümayəndə heyəti səfər çərçivəsində Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı, professor İsmail Can Paylan ilə görüşüb. Görüş zamanı aqrar təhsildə müasir çağırışlar və birgə tədqiqat imkanları müzakirə olunub. Nümayəndə heyəti Bitki mühafizəsi, Tarla bitkiləri, həmçinin Kənd təsərrüfatı maşınları və texnologiyaları mühəndisliyi bölmələrinin fəaliyyəti, tədris-laboratoriya bazası və tədqiqat istiqamətləri ilə yaxından tanış olub.
Pedaqoji təcrübə mübadiləsi çərçivəsində qonaqlar prorektor, professor Murat Boyacının dərsində iştirak edərək tədris prosesini izləyiblər.
Sonra Elçin Nəsirov tərəfindən “Azərbaycanın kənd təsərrüfatı iqtisadiyyatı” mövzusunda seminar təqdim olunaraq, ölkəmizin aqrar-iqtisadi potensialı barədə məlumat verilib.
Səfərin mühüm istiqamətlərindən biri elmi tədqiqatların kommersiyalaşdırılması və müasir laboratoriya idarəçiliyinin öyrənilməsi olub. Bu məqsədlə Ege MATAL (Mərkəzi Analiz Laboratoriyası) və Ege Texnoparkına xüsusi texniki turlar təşkil edilib. Universitetin idarəetmə strukturları ilə təcrübə mübadiləsi məqsədilə paralel görüşlər keçirilib. Strateji inkişaf və keyfiyyət təminatı məsələləri, tədrisin təşkili prosesləri və texnologiya transferi imkanları müzakirə olunub.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində Beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri, Orhun və Erasmus mübadilə proqramlarının koordinatorları ilə strateji görüşlər keçirilib. Səfər müddətində Ege Universitetində təhsil alan ikili diplom proqramının, eləcə də Kənd təsərrüfatı fakültəsinin digər tələbələri ilə xüsusi görüş təşkil olunub, onlarla universitet və tədris prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Akademik mübadilənin davamı olaraq, Mədinə Abışova tərəfindən tələbə və müəllim heyəti üçün “Duz stresinə qarşı bitki müqavimətinin artırılmasında nanotexnoloji həllər: kükürd və hidrogen sinerjisi” mövzusunda seminar təqdim edilib.

