2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması şəhərlərimizin necə olacağı barədə ciddi bir müzakirəyə dəvətdir. Şəhərlərimiz necə böyüyəcək, necə “nəfəs alacaq”, artan ritm və tələblərlə necə uyğunlaşacaq və ən əsası, insan bu mühitdə necə yaşayacaq kimi suallar indi daha aktuallaşıb. Bu kontekstdə Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (World Urban Forum – WUF13) ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır. May ayında keçiriləcək forumda dayanıqlılıq, gələcək şəhərlər və qlobal çağırışlar geniş müzakirə olunacaq. Lakin reallıq ondan ibarətdir ki, ən yaxşı ideyalar belə yalnız tribunada səslənməklə kifayətlənmir. Onlar layihələrdə, texniki sənədlərdə, razılaşdırma proseslərində və nəhayət, real tikintidə həyat qazanır. Məhz buna görə ideyanı işlək nəticəyə çevirə bilən mütəxəssislər haqqında danışmaq xüsusi əhəmiyyət daşıyır.
“Tehsil365” bu baxımdan memar və memarlıq layihələrinin rəhbəri Fəxrəddin Verdiyevin peşə yolunu diqqətəlayiq nümunə kimi təqdim edir.
F.Verdiyevin fəaliyyəti ictimai və dövlət əhəmiyyətli obyektlərin layihələndirilməsi, ərazilərin bərpası və infrastruktur layihələri ilə sıx bağlıdır. O, qərarlarının dəqiqliyi ilə çox zaman yalnız estetik nəticəyə deyil, layihənin ümumi funksionallığına və uzunmüddətli təsirinə yönəlir.
Onun peşəkar fəaliyyəti hələ tələbəlik illərindən başlayıb. Bu erkən mərhələdə əsas fərqləndirici cəhət yaş deyil, məsuliyyət hissi idi: ideyanı yalnız düşünmək deyil, onu texniki baxımdan dəqiqləşdirmək, razılaşdırmaq və icraya qədər aparmaq bacarığı. Bu yanaşma nəticəsində layihələr kağız üzərində qalmır, real həyatın bir hissəsinə çevrilir. 2005-ci ildən etibarən onun karyerasının mühüm mərhələsi ölkənin iri layihə-tikinti şirkətlərindən biri olan AIKON CPIT ilə bağlıdır. Burada o, baş memar kimi həm iri layihələrin müəllifi, həm də onların icrasını müşayiət edən şəxs kimi çıxış edib. Bu dövrün diqqətçəkən layihələrindən biri Şamaxıda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzidir. Eyni zamanda, o, Azərbaycan Milli Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Milli İdman-Tibb Elmi-Praktik Reabilitasiya İnstitutu, Quba Soyqırımı Memorial Kompleksi kimi mühüm ictimai obyektlərin icra prosesində layihə rəhbəri kimi iştirak edərək bu layihələrin reallaşmasına töhfə verib.

