Dünyada ixtisaslı işçi qüvvəsi çatışmazlığı artdıqca yeni bacarıqlara və təlim modellərinə maraq sürətlə genişlənir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, qlobal miqyasda işəgötürənlərin mühüm hissəsi uyğun bacarıqlara malik işçi tapmaqda çətinlik çəkir. OECD hesabatlarında isə qeyd olunur ki, bəzi ölkələrdə işəgötürənlərin təxminən 40 faizi uyğun kadr tapmaqda çətinlik yaşayır. McKinsey Qlobal İnstitutu isə bildirir ki, 2030-cu ilədək dünyada 375 milyona qədər insan yeni peşələrə yiyələnməli və ya mövcud bacarıqlarını ciddi şəkildə yeniləməlidir. Bu çağırışlar fonunda Almaniyanın ikili peşə təhsili və təlim (VET) sistemi kimi modellər gənclərin işsizliyinin azaldılması və təhsildən əmək bazarına keçidin yaxşılaşdırılması baxımından uğurlu nümunə kimi göstərilir. OECD məlumatlarına görə, bu tip sistemlərin tətbiq olunduğu ölkələrdə gənclər arasında işsizlik səviyyəsi daha aşağı olur və təhsildən işə keçid daha sürətli baş verir. Lakin ekspertlər bildirirlər ki, bu modellərin digər ölkələrə birbaşa tətbiqi əksər hallarda effektiv nəticə vermir.
“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-də Minnesota Universitetinin Hubert H. Humphrey İctimai Münasibətlər Məktəbində təhsil alan və əmək bazarı üzrə ixtisaslaşmış ekspert Nəriman Kərimli deyib. O bildirib ki, əsas məsələ modellərin köçürülməsi deyil, onların uyğunlaşdırılmasıdır: “Araşdırmalar göstərir ki, yaxın illərdə dünya miqyasında ixtisaslı işçilərin təxminən 44 faizi öz ixtisaslarını dəyişmək məcburiyyətində qalacaq. Lakin bu proses hər ölkədə eyni cür ola bilməz. Çünki hər bir ölkənin institusional quruluşu, iqtisadi strukturu və işəgötürənlərin iştirakı fərqlidir. Buna görə də bir ölkədə uğurlu olan model başqa ölkədə eyni nəticəni verməyə bilər.
Daha effektiv yanaşma bu modellərin əsas prinsiplərinin müəyyən edilərək yerli şəraitə uyğunlaşdırılmasıdır. Bu prinsiplərə işəgötürənlərin aktiv iştirakı, praktiki təlimin təhsil prosesinə inteqrasiyası və təhsil ilə əmək bazarı arasında uyğunluğun təmin edilməsi daxildir”.
Nəriman Kərimli hesab edir ki, əksər hallarda problem yaxşı modellərin olmaması deyil, onların düzgün tətbiq edilməməsidir: “Bu yanaşmalar iqtisadiyyatı inkişaf etmiş ölkələr, o cümlədən ABŞ üçün xüsusi aktuallıq kəsb edir. ABŞ-də istehsalat, logistika və texnologiya sahələrində davam edən kadr çatışmazlığı, xüsusilə “CHIPS and Science Act” və İnfrastruktur İnvestisiyaları proqramları fonunda daha da kəskinləşir. ABŞ-də iri sənaye və texnologiya layihələrinin uğuru bilavasitə ixtisaslı işçi qüvvəsinin mövcudluğundan asılıdır. Bu isə daha çevik və əmək bazarına uyğunlaşdırılmış təlim sistemlərinin qurulmasını tələb edir. Beynəlxalq təcrübənin uyğunlaşdırılması bu problemlərin həllinə töhfə verə bilər. Uğurlu modellərin əsas elementlərini yerli sistemə uyğunlaşdırmaq əmək bazarının səmərəliliyini artırmağa imkan verir. Bunun üçün dövlət, təhsil müəssisələri və özəl sektor arasında koordinasiya vacibdir”.
Ekspert qeyd edib ki, rəqəmsal təlim alətlərinin rolu getdikcə artmaqdadır: “Onlayn və hibrid təlim platformaları daha çevik və genişmiqyaslı həllər təqdim edir. Bu, xüsusilə böyük şirkətlərdə işçilərin yenidən hazırlanması üçün effektiv mexanizmdir. Qlobal əmək bazarında rəqabətin artdığı bir dövrdə peşə təhsili və işçi qüvvəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Uğur qazanan ölkələr qlobal bilikləri yerli tətbiqlərlə birləşdirə bilən ölkələr olacaq”.

