Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə tələbə və məzunların peşəkar inkişafına yönəlmiş IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində infosessiya keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, infosessiyanın əsas məqsədi gəncləri proqramın təqdim etdiyi imkanlarla yaxından tanış etmək, onların real iş mühitində təcrübə qazanmalarına dəstək vermək və karyera inkişaf perspektivlərini genişləndirmək olub.
2024–2025-ci illər ərzində proqram artıq üç dəfə uğurla həyata keçirilib. 102 məzun proqramı uğurla tamamlayıb, onlardan 50 nəfəri Elm və Təhsil Nazirliyinin aparatı və tabe qurumlarında işlə təmin olunub. Bu göstərici proqramın iştirakçılar üçün real və davamlı karyera imkanları yaratdığını bir daha təsdiqləyir.
BDU-nun Karyera və məzunlarla iş mərkəzinin Karyera planlaşdırılması şöbəsinin əməkdaşı İlkin Şərifov Mərkəzin fəaliyyət istiqamətləri, tələbə və məzunlara yönəlmiş karyera xidmətləri və işəgötürənlərlə əməkdaşlıq əlaqələri haqqında çıxış edib.
Elm və Təhsil Nazirliyinin Satınalmalar sektorunun mütəxəssisi Səbinə Hüseynzadə və Hüquq şöbəsinin mütəxəssisi Fuad Cəlilli çıxışlarında bildiriblər ki, “Maarifçi” proqramı ali təhsil müəssisələrinin tələbə və məzunlarının bilik və bacarıqlarının artırılması, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və praktiki təcrübə əldə etmələri üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Proqramın tərkib hissəsinə qiymətləndirmə prosesi, fərdi inkişaf planı və müxtəlif təlim modulları daxildir.
Proqramda bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri, magistratura tələbələri, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər. Proqram iştirakçıları müxtəlif seçim mərhələlərindən (ilkin seçim, test mərhələsi və müsahibə) keçərək uyğun istiqamətlər üzrə təcrübəyə cəlb olunurlar. Təcrübə imkanları nazirliyin struktur bölmələrində, tabeli qurumlarda, regional təhsil idarələrində və Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarında həyata keçirilir.
Tədbir zamanı Elm və Təhsil Nazirliyinin nümayəndələri proqramın əhatə etdiyi əsas istiqamətlər barədə də ətraflı məlumat veriblər. Vurğulanıb ki, bu istiqamətlərə təhsilin təşkili və idarə olunması, inzibati idarəetmə, iqtisadiyyat və maliyyə, beynəlxalq münasibətlər, data analitika, layihələrin idarə olunması, rəqəmsal idarəetmə və IT layihələri, tikinti və memarlıq, eləcə də hüquq sahələri daxildir.
Bununla yanaşı, BDU-nun C korpusunda infosessiya təşkil olunub. Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun mütəxəssisi Kəmalə Məmmədova və Əlavə təhsil xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisi Nəzrin Manafova proqramın üstünlükləri və iştirak imkanları barədə ətraflı məlumat veriblər.

