Aprelin 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ənənəvi olaraq hər il keçirilən “Elm günləri”nə başlanılıb.
“Tehsil365“ xəbər verir ki,bu barədə UNEC-dən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra İqtisad Universitetinin inkişafında və elmi simasının formalaşmasında müstəsna xidmətləri olmuş 10 görkəmli professorun xatirəsini yaşatmaq məqsədilə onların yağlı boya ilə çəkilmiş portretləri təqdim edilib.
Tədbirin açılışında universitetin rektoru professor Ədalət Muradov bildirib ki, UNEC-də keçirilən “Elm günləri” akademik varisliyin qorunması və elmi irsə ehtiramın ifadəsi kimi əhəmiyyət daşıyır. Süni intellektin sürətli inkişafı fonunda universitet elmi yeni transformasiya mərhələsinə qədəm qoyur. Rektor müasir universitet modelində tədris və tədqiqat arasındakı balansın bərpasının, müəllim əməyinin qiymətləndirilməsi sisteminə keyfiyyət meyarları əsasında yenidən baxılmasının strateji vacibliyini qeyd edib. Həmçinin rəqəmsal dövrün tələbi kimi mərkəzləşdirilmiş data infrastrukturunun və vahid elektron elmi kitabxana sisteminin yaradılmasını təklif edib.
Çıxışının sonunda professor Ədalət Muradov iki təşəbbüs irəli sürüb. O, Qarabağda təhsilin dirçəldilməsinə dəstək olaraq, şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab hədiyyə etdiyini bildirib və həmkarlarını bu aksiyaya qoşulmağa çağırıb. Eyni zamanda, UNEC-in 5 milyonluq zəngin resursa malik elektron kitabxanasının Qarabağ Universitetinin müəllim və tələbələri üçün tam açıq olacağını elan edib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli cəmiyyətin inkişafında elmin fundamental rolundan bəhs edərək, UNEC-in son illərdə beynəlxalq reytinqlərdə qazandığı uğurları və inkişaf dinamikasını yüksək qiymətləndirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov isə ölkədə elm və təhsilin davamlı inkişaf mərhələsində olduğunu, UNEC-in bu sahədə tamamilə yeni və nümunəvi bir səviyyəyə yüksəldiyini vurğulayıb.
Tədbir çərçivəsində akademik Əli Abbasovun “Süni intellekt dövründə elm və təhsil: transformasiya və səmərəli strategiyalar” mövzusunda elmi məruzəsi dinlənilib.
Sonra elm və innovasiyalar üzrə prorektor professor Rövnəq Rzayev universitetin 12 elmi jurnalı haqqında geniş təqdimat edib.
Sonda isə elmmetrik göstəriciləri yüksək olan UNEC əməkdaşları və struktur bölmələr təltif olunub.
Aprelin 3-dək davam edəcək “Elm günləri” çərçivəsində panel müzakirələri, yeni kitabların təqdimatı, intellektual yarışlar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

