Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə texniki baxış zamanı binanın divarlarında çatlar aşkar edilib.
“Tehsil365"ə verilən məlumata görə, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib. Bu səbəbdən 1 aprel 2026-cı il tarixindən etibarən məktəbin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Tədris prosesinin fasiləsiz davam etməsi üçün şagirdlər yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilib və dərslərə cəlb olunublar.
Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi aidiyyəti qurumlarla birgə hadisənin səbəblərini araşdırır, eyni zamanda zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər görür.
Qurumdan bildirilib ki, vəziyyət nəzarətdə saxlanılır və görülən işlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

