Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təqaüd proqramlarının iştirakçıları üçün “E-poçt etiketi və beynəlxalq yazışma” mövzusunda təlim sessiyası təşkil olunub.
“Tehsil365“ xəbər verir ki, TİF-dən verilən məlumata görə, peşəkar yazışma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə baş tutan təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən aparılıb.
Təlim çərçivəsində iştirakçılara professional e-poçt strukturunun qurulması, salamlaşma və müraciət formalarının düzgün istifadəsi, rəsmi üslubun qorunması mövzularında ətraflı məlumat verilib, beynəlxalq yazışmalarda diqqət edilməli əsas nüanslar izah olunub. Praktiki yanaşma əsasında qurulan təlimdə real nümunələr vasitəsilə düzgün və yanlış e-poçt yazışmaları təhlil edilib.
Təlimin əsas məqsədi iştirakçıların yazılı ünsiyyət bacarıqlarını gücləndirmək, rəsmi və beynəlxalq müstəvidə effektiv, etik və peşəkar yazışma vərdişlərini formalaşdırmaq olub.

