Onun sözlərinə görə, indi məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqlar artıq müəyyən mərhələni keçmiş olurlar: “Bilirsiniz ki, indi beş yaşından məktəblərə cəlb olunan uşaqlar birinci sinifə kifayət qədər tədrisə hazırlıqlı gəlirlər.”
Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”ə açıqlamasında bildirib ki, əvvəllər birinci sinif şagirdlərinin adaptasiya dövrü daha ağrılı və çətin keçirdi.
Ekspert qeyd edib ki, məktəbəqədər müəssisələrin olmadığı yerlərdə isə şagirdlərin birinci sinifə adaptasiyası bir qədər çətin olur. O, bu məsələnin həlli üçün vacib addımı vurğulayıb: “Elm və Təhsil Nazirliyinin qarşısında duran vacib məsələlərdən biri məktəbəqədər təhsil müəssisələrinin sayını artırmaqdır. Bu həm də birinci sinifə gələn şagirdlərin müəyyən qədər hazırlıqlı olmalarına işarə ola bilər.”
Məzahir Məmmədli əlavə edib ki, şagirdlərin adaptasiyasının yeganə yolu məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması və beş yaşlıların bu müəssisələrə cəlb olunmasının kütləviləşdirilməsindən keçir.

