Kanadada nəşr olunan “Azerbaijan Post” aylıq qəzetinin mart nömrəsində XIII Qlobal Bakı Forumuna dair analitk yazıya, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Gəncədə keçiriləcək 885 illik yubileyi ilə bağlı geniş müsahibəyə, o cümlədən dahi şairin həyat və yaradıcılığına aid böyük elmi məqaləyə yer verilib.
Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib.
Qəzetdə AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini dosent Əlimuxtar Muxtarov konfransla bağlı “Azerbaijan Post”un müxbirinin suallarını cavablandırıb. O qeyd edib ki, 2026-cı ilin iyul ayında Gəncədə keçiriləcək “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” adlı II beynəlxalq konfrans AMEA Gəncə Bölməsi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən birgə təşkil ediləcək. Konfrans Nizami Gəncəvi və Türk dünyası, dahi şairin yaradıcılığında Azərbaycan şifahi xalq ədəbiyyatı, dünya ədəbiyyatı ilə əlaqələr, din və irfan, incəsənət, bəşərilik və birgəyaşayış məsələləri, həmçinin müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri kimi mövzuları əhatə edəcək.
Ə.Muxtarov Azərbaycanda Nizami Gəncəvinin yubileylərinin tarixi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan nizamişünaslığı böyük inkişaf yolu keçib: “Tarixin bütün dövrlərində Azərbaycan xalqı dahi Nizami Gəncəvinin adını, yaradıcılığını və xatirəsini uca tutub, hələ yubiley anlayışının formalaşmadığı dövrlərdə ona həsr olunan əsərlərilə, məqbərəsinin ziyarəti ilə ehtiramlarını ifadə edib. Nizami Gəncəvinin ilk yubileyi 1941-ci ildə blokada şəraitində Leninqradda keçirilib ki, bu tədbirin hazırlanmasında Azərbaycan ziyalılarının mühüm rolu olub. Azərbaycanda Nizami irsinin sistemli tədqiqi, fundamental nəşrlərin hazırlanması və yubileylərin yüksək səviyyədə qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1975, 1978 və 1979-cu illərdə imzaladığı qərarlar, eləcə də 1981-ci ildə dahi şairin 840 illik yubileyinin keçirilməsi barədəki qərarı nizamişünaslıqda yeni mərhələnin əsasını qoyub.
Bu strateji yanaşma Prezident İlham Əliyev tərəfindən dövrün yeni reallıqları əhatəsində uğurla davam etdirilir. Prezidentin müvafiq sərəncamları ilə 2011-ci ildə dahi şairin 870 illik yubileyi qeyd olunub və 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir.
Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən Qlobal Bakı Forumunun keçirilməsi, beynəlxalq əməkdaşlıq və elmi tədqiqatların genişləndirlməsi əhəmiyyət daşıyır”.
Müsahibədə, həmçinin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qardaş ölkədəki universitet tələbələri arasında “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqənin elan olunduğu, layihəyə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi və Yunus Əmrə İnstitutu tərəfindən dəstək verildiyi qeyd olunub.
Qəzetdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin dosenti Zəhra Allahverdiyevanın “Nizami Gəncəvinin nəsil şəcərəsi” adlı böyük elmi məqaləsi də dərc olunub.

