Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə Daşkənddə “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik seminar keçiriləcək.
Bu barədə “Tehsil365"ə mərkəzdən məlumat verilib.
Bildirilib ki, seminarda hər iki ölkədən dövlət və ictimai xadimlər, parlament üzvləri, akademiklər və nüfuzlu alimlərlə yanaşı, elm və təhsil müəssisələrinin nümayəndələri, tədqiqatçılar və tələbələr də iştirak edəcəklər.
Tədbirdəki çıxışçılar Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının elmi düşüncə tarixində rolu və bu irsin müasir dövrdə davam etdirilməsi məsələlərinə toxunacaqlar.
Seminar çərçivəsində türkologiyanın müxtəlif istiqamətləri üzrə məruzələr təqdim olunacaq, türk xalqlarının ortaq dil, ədəbiyyat və mədəni irsi, eləcə də bu sahədə aparılan müasir tədqiqatlar müzakirə ediləcək.
Tədbir özbəkəsilli Azərbaycan alimi, dilçi, ictimai xadim və Birinci Türkoloji Qurultayın təşkilatçılarından biri Xalid Səid Xocayevin xatirəsinə həsr olunacaq.

