Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev Tibb fakültəsinin laboratoriyaları üçün yeni alınmış avadanlıqların və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Tibb fakültəsi və SABAH qrupları üçün alınan müasir tibb kitablarının təqdimatında iştirak edib.
Bu barədə "Tehsil365"ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, müasir standartlara cavab verən avadanlıqlar tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə imkan yaradacaq, laboratoriyaların yenilənməsi isə elmi tədqiqatların səmərəli təşkili və ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.
Tədbir çərçivəsində Anatomiya, Histologiya, Mulyaj-simulyasiya, Patologiya və Stomatoloji simulyasiya kabinələri, həmçinin Fiziologiya, Əczaçılıq, Mikrobiologiya, Kimya və Stomatoloji texniki laboratoriyaları üçün müasir avadanlıq və reaktivlərin alındığı bildirilib.
Xüsusilə, Anatomiya kabinəsi skeletlər və orqan modelləri ilə, Histologiya DNT və RNT modelləri ilə, Mulyaj-simulyasiya kabinəsi stimulyatorlar və elektron sistem modelləri ilə, Stomatoloji simulyasiya kabinəsi isə diş modelləri və müvafiq alətlərlə təmin olunub. Fiziologiya laboratoriyasında EEQ və EKQ cihazları, Əczaçılıq laboratoriyasında liofilizator, titrometr, avtomatik pipetlər və digər reaktivlər, Mikrobiologiya laboratoriyasında isə paster sobası, qidalı mühitlər və mikroorqanizm kultivasiyası üçün avadanlıqlar alınıb.
Bundan əlavə, NDU Elmi Kitabxanasına ingilis, rus, türk və Azərbaycan dillərində tibb sahəsi üzrə 112 ədəd müasir kitab təqdim olunub. Bu nəşrlər tələbə və müəllimlərin elmi biliklərinin artırılmasına və müasir tibbi ədəbiyyatdan istifadəyə geniş imkan yaradacaq.

