Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin ədliyyə orqanlarında qulluğa qəbul, karyera imkanları və peşə perspektivləri barədə məlumatlandırılması məqsədilə görüş keçirilib.
Universitetdən “Tehsil365"ə bildirilib ki, tədbirin əsas məqsədi gənclərin ədliyyə orqanlarında xidmət imkanları, mövcud vakansiyalar, qəbul qaydaları, eləcə də könüllü və təcrübə proqramları barədə ətraflı məlumatlandırılması olub. Görüş zamanı xüsusilə icra və probasiya məmuru vəzifələri üzrə ixtisas məhdudiyyətinin aradan qaldırılması ilə bağlı yeniliklər də iştirakçıların diqqətinə çatdırılıb.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev bu istiqamətdə görüşlərin tələbələrin peşə yönümünün formalaşması, dövlət qulluğu sahəsində məlumatlılığının artırılması və gələcək karyera imkanlarının genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Ədliyyə Nazirliyinin nümayəndələri çıxışlarında tələbələrə ədliyyə sistemində fəaliyyət istiqamətləri, işə qəbul prosedurları, mövcud vakansiyalar, könüllü və təcrübə proqramları, eləcə də bu sahədə peşəkar inkişaf imkanları barədə geniş məlumat veriblər. Eyni zamanda, gələcəkdə keçiriləcək müsabiqələrdə iştirak imkanlarının genişləndirilməsi və tələbələrin bu proseslərə hazırlanması ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Görüşdə ştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ədliyyə orqanlarında xidmətə qəbulun şərtləri və bu sahədə karyera qurmaq istəyən gənclər üçün yaradılan imkanlar ətraflı izah olunub.

