Bakı Dövlət Universitetinin (BDU) nəzdində “YENİ Klub” və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən “Zəfərə aparan yol: Aprel döyüşləri” adlı birgə tədbir keçirib.
Bu barədə “Tehsil365” ə BDU-dan məlumat verilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan dövlətinin gücünün real ifadəsi kimi yadda qalıb. Bu qələbənin ideoloji təməli Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik strategiyasına söykənir. Onun əsasını qoyduğu ordu quruculuğu siyasəti müasir və güclü Silahlı Qüvvələrin formalaşmasını təmin edib. Bu xətt Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilib: “Aprel döyüşləri bu siyasətin ilk böyük uğurlu sınağı oldu. Ordumuz düşmənə ciddi zərbə vurdu. Nəticədə Azərbaycan Ordusu işğal altında olan ərazilərdən 2000 hektardan çox hissəni azad etdi, həmçinin Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ordumuzun tam nəzarətinə keçdi. Vətən müharibəsində isə Azərbaycan tam qələbə qazandı. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə respublikamızın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Şəhidlərimizin qəhrəmanlığı və ordumuzun rəşadəti cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmlənməsinin parlaq nümunəsinə çevrildi”.
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov qeyd edib ki, Aprel döyüşlərindən keçən 10 il Azərbaycanın geosiyasi və hərbi gücünün ardıcıl inkişafını açıq şəkildə göstərir. Aprel döyüşləri həm də Azərbaycan cəmiyyətində milli həmrəyliyin və dövlətçilik ideologiyasının güclənməsinə mühüm təsir göstərib: “Ermənistanın hərbi mifləri məhz bu döyüşlərdə dağıldı. Bu hadisə regionda yeni reallıqların formalaşmasına səbəb oldu. Aprel döyüşləri milli qürurun rəmzi və tam Zəfərin başlanğıcı kimi şanlı tariximizdə layiqli yerini tutur”.
Digər çıxışlarda şəhid və qazilərimizin qəhrəmanlıq nümunələri xatırlanıb, onların Vətən sevgisinin gənc nəsil üçün örnək olduğu bildirilib.
Sonda tələbələrin sualları cavablandırılıb.

