“Məktəblərin ətrafında sürət həddi, piyada keçidləri və xüsusi məcburi vasitələr sürücüləri təhlükəsizliyə məcbur edir. Həmçinin müəllim və şagirdlərin qaydalara əməl etməsi, davamlı təbliğat işləri ilə qarşılıqlı nəzarət təhlükəsizliyin təminatıdır.”
Bu sözləri “Tehsil365” ə açıqlamasında , nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
“Məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi ilə bağlı hər zaman tələb olunan müəyyən şərtlər var, qaydalar var ki, ona əməl etmək lazımdır. Birinci növbədə sürətin azaldılması. Bunun üçün xüsusi vasitələr tətbiq olunur. Yəni sürücü kütləsi belədir ki, nə qədər desən də ki, məktəbin yanından keçəndə sürəti azalt, o bunu eləmir. Yəni əksəriyyəti bunu eləmir. Ona görə orda məcburi vasitələr ya kamera, radar quraşdırırlar, ya da asfalt üzərində xüsusi örtük var ki, maneə deyirlər ona. Sürətin azaldılmasına məcbur etmə vasitəsidir. Həmin vasitənin köməyi ilə sürücüləri sürəti azaltmağa məcbur edirlər və beləliklə təhlükəsizlik təmin olunur. Qaydalara görə məktəblərin ətrafında səs siqnallarından istifadə edilməməlidir, sürət həddi aşılmamalıdır, piyada keçidləri çox olmalıdır, piyada keçidinə yaxınlaşan sürücü sürəti azaltmağa məcbur olmalıdır və məktəblərin özündə də təhlükəsizliklə bağlı təbliğat işləri daim aparılmalıdır ki, hər bir məktəbdə oxuyan şagirdlər, orda tədris prosesini həyata keçirən müəllimlər özləri də bu qaydalara əməl etsinlər. Yəni müəllim şagirdə deyirsə ki, keçiddən istifadə et, amma dərsdən sonra müəllim özü keçiddən istifadə etmirsə və şagird bunu görürsə, bu tədrisin heç bir effekti olmayacaq, o müəllimin dediyinin heç bir faydası olmayacaq. Ona görə bu münasibətlər qarşılıqlı şəkildə tənzimlənməlidir və o zaman biz təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu deyə bilərik.”

