Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Gənclər Akademiyasının təşkilatçılığı ilə Elm Gününə həsr olunmuş tədbir keçirilib.
AMEA-dan “Tehsil365"ə verilən məlumata görə, tədbirdə Gənclər Akademiyasının sədri dosent Elmir Babayev elmin cəmiyyətin davamlı inkişafında və innovativ potensialın gücləndirilməsində mühüm rolu olduğunu vurğulayaraq gənc tədqiqatçıların təşviqi, elmi kadrların hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamət olduğunu bildirib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək Elm Gününün təsis tarixinə toxunaraq Akademiyanın keçmişdə və bu gün ölkənin elmi həyatında oynadığı roldan danışıb. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə imzaladığı müvafiq Sərəncamdan sonra AMEA-da yeni mərhələ başlanıb və bu mərhələdə gənclərə xüsusi önəm verilir.
Tədbirdə “Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətində”, “Azərbaycan-Çin ədəbi əlaqələri”, “XXI əsrdə arxeologiya elmi”, “Memorial komplekslər: Gəncə Memorial Kompleksinin kompozisiyasının təhlili” mövzularında məruzələr dinlənilib.

