AMEA Naxçıvan Bölməsində Elm Günü münasibətilə “Elmin gücü: bilikdən inkişafa” mövzusunda elmi konfrans təşkil olunub.
Bölmənin mətbuat xidmətindən “Tehsil365"ə bildirilib ki, konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Elm Gününün əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyev tərəfindən AMEA-nın yaranma tarixinin əsas götürülməsi ilə Elm Gününün təsis edilməsi barədə imzalanmış Sərəncamdan söz açıb. Akademik, həmçinin Ulu Öndər Heydər Əliyevin elmə və təhsilə verdiyi yüksək dəyəri xüsusi vurğulayıb.
İsmayıl Hacıyev çıxışında Prezident İlham Əliyevin bu ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibəyə də toxunub. Qeyd olunub ki, dövlət başçısı həmin müsahibəsində Azərbaycanda elmin inkişafının prioritet istiqamətlərindən danışaraq alimlərin fəaliyyətinin beynəlxalq elmi bazalarda daha geniş təmsil olunmasının vacibliyini bildirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev çıxışında bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası ölkənin elmi və ictimai həyatına mühüm töhfələr verib. O, institutun fəaliyyət istiqamətlərindən bəhs edərək Naxçıvanın toponimikası, dialekt və şivələri, eləcə də folklorunun uzun illər ərzində hərtərəfli araşdırıldığını diqqətə çatdırıb.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəliyev isə qeyd edib ki, institutda orta əsrlər və müasir tarix istiqamətində geniş tədqiqatlar aparılır. V.Baxşəliyev, həmçinin institutun fəaliyyəti dövründə Dalmatəpə və Ubeyd mədəniyyətlərinin aşkar edilməsinin mühüm elmi nailiyyətlərdən biri olduğunu vurğulayıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, fond 2005-ci il aprelin 8-də fəaliyyətə başlayıb. İlk mərhələdə əlyazmaların toplanması həyata keçirilib, sonrakı dövrdə isə onların kataloqlaşdırılması, gigiyenik qorunması və bərpası istiqamətində mühüm işlər görülüb.
Konfrans çərçivəsində elm və təhsilin inkişafı, milli elmi potensialın gücləndirilməsi və əldə olunan nailiyyətlərin cəmiyyətin tərəqqisinə töhfəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

