Rusiyanın Sankt-Peterburq şəhərində V.V.Mayakovski adına kitabxananın “Oxuyan Peterburq: mədəniyyət kodları” beynəlxalq layihəsi çərçivəsində poetik tərcümə müsabiqəsi başa çatıb.
'“Tehsil365" xəbər verir ki, layihənin əsas məqsədi Peterburq oxucularını həm klassik, həm də müasir dünya ədəbiyyatı ilə tanış etməkdir. Layihə çərçivəsində il ərzində kitabxanada mühazirələr, müzakirələr, danışıq klubları və ədəbi-musiqili gecələr təşkil olunub. Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamalova layihə çərçivəsində mühazirələr və danışıq klubları təşkil edərək Peterburq oxucularını Azərbaycan ədəbiyyatı ilə yaxından tanış edib.
Layihə çərçivəsində başlanmış poetik tərcümə müsabiqəsinin artıq on ildir keçirildiyi qeyd olunur. Müsabiqənin şərtlərinə əsasən, müxtəlif dillərdə təqdim olunan şeirlər kitabxananın saytında yerləşdirilir və həvəskar tərcüməçilər tərəfindən tərcümə edilir. Bu il müsabiqədə Azərbaycan Qismət Rüstəmovun “Mətbəxtlik” şeiri ilə təmsil olunub. Rusiyanın müxtəlif şəhərlərindən olan tərcüməçilər şeiri Azərbaycan dilindən rus dilinə çeviriblər və xüsusi münsiflər heyəti ən yaxşı tərcüməni seçib. Müsabiqənin qalibi Velikiy Novqorod şəhərindən Dmitri Kartaşev olub.
Müsabiqəyə türk, ingilis, fransız, ispan, ərəb, fars, Çin, qırğız daxil olmaqla 22 dildə poetik nümunələr təqdim edilib. Təqdim olunan şeirlər və onların tərcümələri kitab şəklində nəşr olunub.

