Onun sözlərinə görə, bağça və məktəb mühitində infeksiyaların ötürülməsi daha asan baş verir, buna görə də profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır: “Sadəcə ‘uşaq tez-tez xəstələnir, normaldır’ yanaşması düzgün deyil. Düzgün gündəlik vərdişlərlə bu risk ciddi şəkildə azaldıla bilər.”
Pediatr həkim Elşən Tağıyev “Tehsil365“ə verdiyi açıqlamasında qeyd edib ki, uşaqlarda payız və qış aylarında tez-tez rast gəlinən mövsümi xəstəliklərin qarşısının alınması ilə bağlı valideynlərə praktiki tövsiyələr verib.
Tağıyev bildirib ki, uşaqlara yeməkdən əvvəl, tualetdən sonra və çöldən evə gələndə sabunla əllərini yumaq vərdişi aşılanmalıdır. Onun sözlərinə görə, düzgün qidalanma, meyvə və tərəvəzlərin, zülal və sağlam yağların gündəlik rasionda olması vacibdir. Pediatr əlavə edib ki, məktəb yaşlı uşaqlar gündə 9–11 saat yatmalıdır, telefon və planşet istifadəsi yuxu rejimini pozur.
Ekspert vurğulayıb ki, uşaqları “üşüyər” deyə evdə saxlamaq düzgün deyil, əksinə açıq havada hərəkət immuniteti gücləndirir. O, həmçinin qeyd edib ki, viruslar havasız otaqlarda sürətlə yayılır, buna görə də ev gündə ən azı iki dəfə havalandırılmalıdır.
Elşən Tağıyev peyvəndlərin alternativi olmadığını da xüsusi vurğulayıb: “Mövsümi qrip peyvəndi və rutin uşaqlıq peyvəndləri müzakirə mövzusu deyil. ‘Bu il vurmasaq nə olar’ yanaşması səhvdir.”
Pediatrın sözlərinə görə, ən çox edilən səhvlərdən biri xəstə uşağın məktəbə və ya bağçaya göndərilməsidir. Bu, həm digər uşaqlara yoluxma riski yaradır, həm də xəstəliyin uzanmasına səbəb olur. O, antibiotiklərin özbaşına istifadəsinin isə ciddi problem olduğunu bildirib.

