Təhsil sistemində mövcud problemlərlə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bəziləri əsas problemin proqramda, digərləri isə müəllim faktorunda olduğunu qeyd edir. Lakin mütəxəssislər hesab edir ki, məsələyə daha geniş baxmaq lazımdır.
Mövzu ilə bağlı təhsil eksperti Teyyub Ağayev “Tehsil365"ə açıqlama verib.
Ekspertin sözlərinə görə, bu sualın tək bir cavabı olmasa da, reallıqda ən böyük problem yanaşmadır: “Proqram və müəllim mühüm amillərdir, lakin əsas məsələ tədrisə yanaşma tərzidir.”
O bildirib ki, mövcud kurikulum bir sıra çatışmazlıqlara malikdir: “Proqram çox yüklüdür, real həyatdan uzaqdır və hər zaman şagirdin səviyyəsinə uyğun olmur. Lakin düzgün yanaşma və peşəkar müəllim olduğu halda zəif proqramla belə müəyyən nəticə əldə etmək mümkündür.”
Ekspert müəllimin rolunun da əhəmiyyətini vurğulayıb: “Müəllim şagirdə motivasiya verə də bilər, onu öyrənmədən uzaqlaşdıraraq marağını da öldürə bilər. Sadə izahla çətin mövzunu asanlaşdırmaq və şagirdin düşünmə qabiliyyətini formalaşdırmaq müəllimin əsas funksiyalarındandır.”
Onun sözlərinə görə, əsas problem isə tədrisə yanaşma ilə bağlıdır: “Bu gün sistemdə əzbərçilik üstünlük təşkil edir. Şagirdlər anlamaq üçün deyil, nəticə əldə etmək üçün oxuyurlar. Səhv etmək qorxusu var və fərdi yanaşma kifayət qədər tətbiq olunmur.”
Ekspert qeyd edib ki, bu yanaşma şagirdlərin təhsilə münasibətinə də təsir edir: “Şagirdlər çox zaman nə üçün öyrəndiyini anlamır. Müəllimlər nəticəyə fokuslanır, proses isə arxa planda qalır. Sistem əsasən balı ölçür, real bilik və bacarıqları yox.”
Sonda ekspert vurğulayıb ki, problemin əsas həlli də yanaşmanın dəyişdirilməsindən keçir: “Düzgün yanaşma olduqda həm müəllim inkişaf edir, həm də proqram daha effektiv tətbiq olunur. Buna görə də təhsildə əsas problem yanaşmadır.”

