Manipulyativ davranışlar psixoloji təsir mexanizmləri vasitəsilə qarşı tərəfin düşüncə, emosional vəziyyət və qərarvermə prosesinə nəzarət etməyə yönəlmişdir. Bu cür davranışlar əksər hallarda açıq formada deyil, dolayı və sistemli şəkildə həyata keçirilir.
Klinik psixoloq Fəridə Musəvi “Tehsil365”ə açıqlamasında bildirir ki, manipulyasiya edən şəxslər tez-tez emosional təzyiq strategiyalarından istifadə edərək qarşı tərəfdə əsassız günahkarlıq hissi formalaşdırırlar. Xüsusilə “gaslighting” kimi psixoloji təsir üsulu vasitəsilə fərdin reallıq qavrayışı məqsədli şəkildə şübhə altına alınır, hadisələr təhrif olunur və insan öz yaddaşına, düşüncəsinə inamsız hala gətirilir.
Mütəxəssisin sözlərinə görə, manipulyativ şəxslər üçün xarakterik xüsusiyyətlərdən biri şəxsi sərhədlərin sistematik şəkildə pozulmasıdır. Bu insanlar tez-tez davranış modellərini dəyişərək müxtəlif rollara, xüsusilə də qurban roluna daxil olurlar. Bu isə onların məsuliyyətdən yayınmasına və qarşı tərəfi psixoloji təzyiq altında saxlamasına xidmət edir.
Digər mühüm indikatorlardan biri məsuliyyətin davamlı şəkildə qarşı tərəfin üzərinə yönəldilməsidir. Hətta obyektiv reallıq onların səhvini göstərsə belə, manipulyatorlar vəziyyəti elə təqdim edirlər ki, qarşı tərəf özünü günahkar hiss etsin. Bununla yanaşı, qorxu, təhdid və ya emosional asılılıq yaratmaq yolu ilə fərd istəmədiyi davranışlara sövq edilə bilər.
Klinik psixoloq qeyd edir ki, manipulyativ şəxslər çox zaman qarşı tərəfin sosial əlaqələrini zəiflətməyə çalışır – onu dostlarından, ailəsindən və dəstək mühitindən uzaqlaşdırmaqla daha asan nəzarət altına almağa çalışırlar. Bu proses psixoloji asılılıq mexanizminin formalaşmasına gətirib çıxarır.
Sonda vurğulanır ki, manipulyasiya edən şəxslər öz real niyyətlərini nadir hallarda açıq şəkildə ifadə edir və məqsədlərinə çatmaq üçün müxtəlif psixoloji təsir üsullarını paralel şəkildə tətbiq edirlər. Belə hallarda fərdlərin öz psixoloji sərhədlərini müəyyən etməsi, tənqidi düşüncəni qoruması və zərurət yarandıqda peşəkar psixoloji dəstəyə müraciət etməsi tövsiyə olunur.

