Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin professor-müəllim heyəti 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş universitetin məzunu Elvin Bayramovun ailəsini ziyarət ediblər.
“Tehsil365” bu ziyarət Novruz və Ramazan bayramları münasibətilə təşkil olunmuş, şəhid ailəsinə bayram sovqatları təqdim edilərək onlara mənəvi dəstək göstərilmişdir.
Fakültənin müəllimləri Binəqədi qəsəbəsində şəhidin adını daşıyan küçədə yerləşən ev muzeyi ilə yaxından tanış olublar. Muzeydə Elvin Bayramovun həyat yolu, uşaqlıq və gənclik illəri, təhsil dövrü, eləcə də Vətən müharibəsində göstərdiyi igidliklər barədə ətraflı məlumat verilib. Şəhidin valideynləri onun şəxsi əşyaları, məktəb və tələbəlik illərinə aid xatirələri, həmçinin öz əlləri ilə hazırladığı əl işləri haqqında danışaraq müəlimlərə onun zəngin və nümunəvi həyatından bəhs ediblər.
Daha sonra ADU-nun nümayəndə heyəti şəhidin ailə üzvləri ilə birlikdə Biləcəridə yerləşən Şəhidlər xiyabanına yollanıblar. Onlar Elvin Bayramovun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətən uğrunda göstərdikləri şücaətin heç zaman unudulmayacağı vurğulanıb.

