ABŞ-nin iri İT şirkətlərində ixtisarlarla bağlı elanların sayı süni intellektə (Sİ) yatırımların artması fonunda digər sahələri qabaqlamaqda davam edir.
“Tehsil365” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2026-cı ilin mart ayında texnologiya sektorunda işəgötürənlər 18 720 iş yerinin ixtisar olunacağını elan ediblər. Bu göstərici 2025-ci ilin mart ayı ilə müqayisədə 24% çoxdur. Beləliklə, 2026-cı ilin əvvəlindən etibarən sahə üzrə ümumi ixtisarların sayı 52 000-i ötüb ki, bu da 2023-cü ildən bəri birinci rübdə qeydə alınan ən yüksək göstəricidir.
"Meta", "Oracle" və "Block Inc." kimi texnologiya nəhəngləri əsas resursları süni intellektin inkişafına yönəltdikləri üçün işçi heyətini azaldırlar. Süni intellekt ixtisarların əsas səbəbi olsa da, işəgötürənlər həmçinin müəssisələrin bağlanması və ya lokal restrukturizasiya çərçivəsində də ixtisarlara gedirlər. Mütəxəssislər qeyd edirlər ki, şirkətlər artıq insan əməyini daha səmərəli olan süni intellekt alqoritmləri ilə əvəz etməyə üstünlük verirlər.

