Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrası və Tələbə Gənclər Təşkilatı (TGT) Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş birgə tədbir keçirib.
Bu barədə “Tehsil365” ə universitetdən məlumat verilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müdiri dosent Elvin Talışınski, Sosial işin təşkili kafedrasının baş müəllimi Lalə Babayeva, TGT sədri Hüseyn Rüstəmli, universitetin məzunu və aprel şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlının çıxışları dinlənilib.
Çıxışlarda qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan tarixində dönüş nöqtəsi və 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolun başlanğıcı olub. Bu döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, Azərbaycan xalqının sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Dördgünlük müharibə bir daha göstərib ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, torpaqlarının azad olunması uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək. Həmçinin vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini yaşatmaq, onların ömür yolunu gələcək nəsillərə tanıtmaq, ideallarını qorumaq, bizə əmanət etdikləri ailələrinin və övladlarının yanında olmaq hər birimizin mənəvi borcudur. Onlar təkcə bir ailənin yox, bütün Azərbaycan xalqının övladıdır.
Tədbirdə TGT tərəfindən hazırlanmış və Aprel şəhidi Fəxrəddin Qurbanlıya həsr olunmuş videoçarx nümayiş edilib. Videoçarxda şəhidin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdən bir gün əvvəl isə TGT üzvləri və şəhid Fəxrəddin Qurbanlı adına təqaüdə layiq görülən tələbələr şəhidin ailəsini və məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə qərənfillər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Fəxrəddin Qurbanlı Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə 2015-ci il məzunudur. 2016-cı il aprel ayının ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və “Vətən uğrunda” medalı ilə təltif olunub.

