“Fəsil mövsümü gəldikcə immun sistemi aşağı olanlar, vitamin və mineral dəyəri aşağı olan insanlar və xüsusilə inkişaf etməkdə olan məktəblilər sağlam qidalanmalıdır”
Bu sözləri “Tehsil365” ə açıqlamasında, Məhsəti Hüseynova bildirib.
“Əks halda mövsümi xəstəliklərə yoluxmaqla yanaşı, düzgün qidalanmadıqda gün ərzində yorğun, enerjisiz olur və mərkəzi beyin sisteminin funksiyası aşağı düşdüyü üçün dərslərə qarşı diqqətsiz olurlar. Ona görə mütləq şəkildə gün ərzində düzgün qidalar qəbul edilməlidir ki, sağlamlıq problemləri ilə üzləşməsinlər.”
“Xüsusilə birinci sinifdə oxuyan uşaqlar daha risklidir, çünki səhər erkən saatlarda oyanıb məktəbə gedərkən bəzən heç bir qida qəbul etmirlər və günün orta saatında paketlənmiş qidalara üstünlük verirlər. Bu qidaların tərkibində kimyəvi qatqı və konservantlar çox olduğundan vitamin və mineral dəyəri aşağıdır və inkişaf üçün faydalı deyil. Bəzən mənşəyi bəlli olmayan fast-food qidaları qəbul etmək də onların sağlamlığına ciddi problemlər yaradır.”
“Şagirdlərin sağlamlığını qorumaq üçün səhər yeməyində zülal tərkibli qidalar – yumurta, süd, qatıq, pendir, yağ, qaymaq kimi məhsullar qəbul edilməlidir. Karbohidrat olaraq bir ovucu çərəz qəbul etmək də orqanizmi vitamin və minerallarla təmin edir və gün ərzində gümrah olmağa kömək edir. İçki olaraq daha çox su istifadə olunmalıdır, çünki su toksinlərin atılmasında və qidaların parçalanmasında çox önəmlidir. Yetər qədər su içməyən şagirdlər qazlı, rəngli, şəkərli içkilərə meylli olur ki, bu da sağlamlığa fəsad verir. Qazlı, rəngli, şəkərli içkilər qanda şəkərin sürətlə artıb düşməsinə səbəb olur, daim ac hiss etdirir və artıq kalori və zərərli qidaların qəbuluna gətirib çıxarır.”

