Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib.
BDU-dan “Tehsil365" bildirilib ki, seminarda fakültənin IV kurs tələbələri Arzu Əsgərova və Lamiyə Hüseynova “Bakı və Sumqayıt şəhərlərində suyun ekokimyəvi tərkibinin müqayisəsi” mövzusunda çıxış ediblər. Tədqiqat çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin su ehtiyatlarının, xüsusilə içməli və səth sularının ekokimyəvi göstəriciləri müqayisəli şəkildə təhlil olunub. Su nümunələrində ağır metalların (qurğuşun, kadmium, mis, sink və s.), neft məhsullarının, pH səviyyəsinin, mineral maddələrin və digər çirkləndiricilərin qatılığı müəyyən edilib. Nəticələr göstərib ki, sənaye müəssisələrinin sıx yerləşdiyi Sumqayıt şəhərində suyun çirklənmə səviyyəsi Bakıya nisbətən daha yüksəkdir. Xüsusilə neft-kimya sənayesinin təsiri nəticəsində bəzi göstəricilərin normadan artıq olduğu qeyd olunub. Bakı şəhərində isə daha çox şəhərsalma və nəqliyyatın təsiri müşahidə edilib. Məruzəçilər suyun keyfiyyətinin yaxşılaşdırılması üçün monitorinqin gücləndirilməsi, təmizləyici qurğuların modernləşdirilməsi və ekoloji nəzarətin artırılması kimi təkliflər irəli sürüblər.
Daha sonra fakültənin IV kurs tələbəsi Səkinə Hacıyeva “Azərbaycanın Xəzəryanı ərazilərinin davamlı inkişafının ekocoğrafi aspektləri” mövzusunda məruzə edib.
Məruzədə Xəzər dənizi sahili zonalarının (Abşeron, Xaçmaz, Lənkəran və digər rayonlar) ekocoğrafi xüsusiyyətləri, iqlim dəyişikliklərinin təsiri, dəniz səviyyəsinin qalxması, torpaq eroziyası, bioloji müxtəlifliyin azalması və antropogen yükün artması kimi problemlər geniş təhlil olunub. Tədqiqatda davamlı inkişaf prinsipləri çərçivəsində bu ərazilərdə ekoloji tarazlığın qorunması, yaşıl infrastrukturun inkişafı və təbii ehtiyatlardan səmərəli istifadə yolları araşdırılıb. Məruzəçi Xəzəryanı zonalarda həyata keçirilən şəhərsalma və memarlıq layihələrində ekoloji meyarların ön plana çıxarılmasının vacibliyini vurğulayıb.
Seminarın sonunda məruzəçilərə kitablar və sertifikatlar təqdim olunub.

